70 yaşını keçən icra başçıları - DOSYE + SİYAHI


Son vaxtlar ölkənin idarəetmə sistemində aparılan kadr islahatlarında müəyyən dəyişikliklərin olduğu nəzərə çarpır. Tətbiq olunan yeni strategiyaya əsasən, indi adı vaxtilə müxtəlif korrupsiya faktlarında hallanan, vəzifəsindən sui-istifadə edən ya da yaşı səbəbilə tutduğu postdan uzaqlaşdırılan şəxsləri daha potensiallı və çevik gənc kadrlar əvəz edir.


Referans.az Azərbaycanda 70 yaşını keçmiş icra başçıları hqqqında araşdırma edib.


1. Mübariz Əhmədzadə, Zaqatala rayon icra başçısı - 1947-ci ildə anadan olub, 77 yaşı var.




Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Qax şəhər 1 saylı orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisasını bitirmişdir.


27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra etmişdir. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır. Ailəlidir, 3 övladı var.


Qeyd edək ki, Mübariz Əhmədzadə Əhməd Əhmədzadənin qardaşıdır. Əhməd Əhmədzadə isə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədridir. O, 2006-2021-ci illər bu vəzifədə olub.  


2. Bayram Səfərov, Şuşa şəhər icra başçısı - 1951-ci ildə anadan olub, 73 yaşı var.




Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.


2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib. Son illər "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində ("AZAL") rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


3. Malik İsaqov, Qubadlı rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var.




İsaqov Malik Xizir oğlu 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1970-ci ildə Hal kənd orta məktəbini bitirmişdir.1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1984-2001-ci illərdə Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda direktor olmuşdur.


8 sentyabr 2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir. Ailəlidir, 2 övladı var.


4. Novruz Novruzov, Siyəzən rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.




Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.


5 aprel 2019-cu ildə Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.


5. Zakir Fərəcov, Sumqayıt şəhər icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.




Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 23 dekabr 1999-cu il tarixində keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt bələdiyyəsinin üzvü seçilmişdir. 2000-ci ildə bələdiyyənin keçirilən iclasında sədr seçilmişdir. 2005–2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.


2 sentyabr 2015-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var. 


Qeyd edək ki, Zakir Fərəcov Milli Məclisin deputatı Nazim Fərəcovun qardaşıdır.


6. Adil Məmmədov, Qobustan rayon icra başçısı - 1952-ci ildə anadan olub, 72 yaşı var.




Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir.


15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir.


Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır. 26 aprel 2011-ci ildə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.


Siyahıda sonuncu yeri  Bakı şəhər icra başçısına ayırdıq.  



Eldar Əzizov


Belə ki, 1957-ci ildə anadan olan Eldar Əzizovun hazırda 66 yaşı var. Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.


1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.


Eldar Əzizov 16 iyul 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 15 noyabr 2018-ci ildə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.



Tarix: 6-03-2024, 16:31
Xəbəri paylaş



Xəbər lenti