Psixoloqdan valideynlərə ÇAĞIRIŞ: “Övladlarınıza nəzarət edin!”

Psixoloqdan valideynlərə ÇAĞIRIŞ:
Son günlər yeniyetmələr arasında artan gərginlik ölümlə nəticələnir. Yeniyetmələr arasında aqressiyanın artmasının bir çox psixoloji səbəbləri var.

TEREF bildirir ki, bununla bağlı AzEdu.az-a danışan EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramovanın sözlərinə görə yeniyetmənin öz kimliyini formalaşdırmasında, özünü dəyərli və yetərli hiss etməsində valideynin rolu olduqca önəmli yerə sahibdir:

“Yeniyetməlik dövrü, özü ilə bir çox fiziki, emosional və koqnitiv dəyişiklikləri gətirən, uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Bir çox yeniyetmə və onların ailələrində narahatlıq yaradan bu keçid dövrünün ən əhəmiyyətli xüsusiyyəti, gözlə görülən fərqliliklərin ortaya çıxmasıdır.

Bu dövrdə valideynlərin vəzifəsi övladlarının təkcə fikizi və maddi ehtiyaclarını qarşılamaq olmamalıdır. Valideynlərin uşaqlarına qarşı istilik, şəfqət, dəstək və sevgi göstərməmələri, yeniyetmələrin psixososial inkişafına neqativ təsir etməklə yanaşı, davranış problemlərinin yaranmasına da səbəb ola bilir.

Çoxsaylı tədqiqatlar, valideynlərindən aşağı emosional dəstək alan yeniyetmələrin, digər uşaqlarla müqayisədə daha çox deviant davranış göstərmə ehtimallarının olduğunu göstərir”.

Psixoloq vurğulayıb ki, valideynlər övladlarını daima nəzarətdə saxlamalıdır:

“Bura, yeniyetmənin harada, kiminlə olduğu, nə etdiyi ilə bağlı müşahidələr və ünsiyyətdə olduğu şəxslər də daxildir. Bir çox araşdırmalarda valideynin zəif nəzarəti nəticəsində yeniyetmənin problemli davranış və ya cinayət işləməsi arasında əlaqənin olduğu göstərilmişdir.

Nəticə etibarı ilə valideynlə sağlam ünsiyyət, problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi, duyğuları idarə etmədə model olmaq yeniyetmələrin qarşılaşdıqları problemlərin öhdəsindən sağlam üsullarla gəlməyə yardım edəcək. Bu kimi davranışların meydana çıxma ehtimalı azalacaqdır.

Təbii ki, burada məktəblərində rolu böyükdür. Məktəblərdə empatiya və hörməti təşviq edən fəaliyyətlər həyata keçirilməlidir. Zorakı davranışlar ilə bağlı müəllimlərə, valideynlərə və şagirdlərə davamlı seminarlar təşkil edilməli, bu cür davranışların zərərləri və qəbul edilməz olduğu vurğulanmalıdır”.
Tarix: 6-02-2024, 10:42
Xəbəri paylaş



Xəbər lenti