Boşanmaq üçün ərizə ilə müraciət edənlərdən bəzi hallarda yüksək məbləğdə pul tələb olunur. Bununla bağlı redaksiyamıza daxil olan şikayətdə bildirilir. Belə vəziyyətə düşən kəslər isə bəzən nə etməli olduğunu bilmir.
Bəs qanunla boşanmaq üçün rüsum nə qədər nəzərdə tutulub?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, istənilən halda boşanmaq üçün müraciət edən şəxslər 50 manat Mediasiya Şurasına və 50 manat dövlət rüsumu kimi məhkəməyə ödənilir.
“İlk mərhələdə boşanmaq qərarını alan şəxslər Mediasiya Şurasına müraciət edir. Bu zaman isə qanunla nəzərdə tutulmuş dövlət rüsumu mütləq ödənilməlidir. Ancaq tərəflər razılaşmasa, yəni barışmayacağını israr etdikdə isə 50 manat da dövlət rüsumu olaraq məhkəməyə ödənilir. Məhkəmədə isə vəkil üçün ödəniş məbləği dəyişən miqdarda olur. Yəni məhkəmə tərəflərə vəkil təklif edə bilər, ancaq başqa vəkil danışmaq şəxsin istəyinə bağlıdır. İstənilən halda boşanmaq istəyən hər kəs mediasiya prosesini keçməlidir’’.
Əsabəli Mustafayevin sözlərinə görə Mediasiya Şurasının özbaşınalıq edərək, dövlət rüsumunda olmayan əlavə ödəniş tələb etməsi qanuni deyil:
“Digər dövlət xərcləri, yəni heç bir əlavə məbləğ yoxdur. Bəzən Mediasiya Şurası “özbaşınalıq edir”, “böyük məbləğdə pul tələb edir’’ kimi müraciətlər olur. Bilmək lazımdır ki, rüsumda nəzərdə tutulmayan məbləğ istənilərsə bu artıq dələduzluqdur. Bizə də bu barədə şikayətlər daxil olur və mediasiya bürosunda müraciət edənə 1000 manat yaxud daha çox məbləğ istənildiyi bildirilir. Qeyd olunur ki, sən bu məbləği ödə, biz özümüz bütün prosesi həll edərik. Bu hallar birmənalı olaraq qanunsuz sayılır’’.