“Mənim fikrimcə, dövlət, Prezident və Birinci vitse-prezident səviyyəsində şəhidlərə və qazilərə kifayət qədər diqqət yetirilib. Bilirsiniz ki, bununla bağlı bir çox fond yaradılıb və o cümlədən də “YAŞAT” Fondu da bura daxildir”
Bunu
Moderator.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli şəhidlərimizin adlarının əbədiləşdirilməsi haqda danışarkən deyib. Yazıçı şəhidlərimizin həmişə qəlbimizdə yaşayacağını bildirib:
“Amma həm də o adlar əbədiləşdirilir, yəni küçələrə şəhidlərimizin adlarının verilməsi, komplekslərin, muzeylərin yaradılması, bütün bunların olması vacibdir. Çünki biz həmişə onların adlarının əbədiləşdirilməsini istəyirdik. Bizim o şəhidlərimiz yaşsızdır, yəni onların yaşı yoxdur. Bu millət, xalq durduqca, onlar da yaşayacaqlar. Əlbəttə, bir tərəfdən də heyfsilənirik ki, onlar cavan canlarını qurban veriblər”.
Yazıçı bu istiqamətdə xidmət etməkdə səhlənkarlıq edən məmurların da cəzalandırılacağını bildirib:
“Amma təbii ki, məmurların hörmətsiz hərəkətləri barədə də mətbuatda məlumatlara rast gəlirik. O tək-yükdür, ancaq gərək bu cür hallara da yol verilməsin. Düşünürəm ki, həmin məmurlar tezliklə özlərini düzəltməsələr, nöqsanları aradan qaldırmasalar, onlara dövlət səviyyəsində şübhəsiz ki, cəzalar veriləcək”.
Qeyd edək ki, bu günə qədər Bakıda küçəyə şəhid adı verilib. Bildirilib ki, küçələrə adları verilən şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsi qəhrəmanı fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunanlardır. 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.
Tarix: 4-12-2021, 15:48