Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
virtualaz.org-un xəbərinə görə, prosesdə iki nəfər şahid dindirilib. Əvvəlcə hospitalın 8-ci şöbəsində xəstə baxıcısı işləmiş Kamil Əliyevin ifadəsi dinlənilib. K.Əliyev ifadəsində deyib ki, tanışı Ruslanın atası xəstələnib, oğlu onu Modul Tipli Hospitalın VİP korpusuna yerləşdirmək istəyib:
“Mən də Rüfət Vəlizadə ilə əlaqə saxladım. Dedim ki, xəstəni VİP korpusa yerləşdirmək istəyirlər. Dedi, olar. Rüfət bəy mənə 3 demişdi. Mən də 300 manat başa düşmüşəm. Sən demə 3 min manat deyibmiş. Xəstənin oğlu məbləği biləndə razılaşmadı. Pulu verə bilmədilər deyə xəstəni oradan çıxarıb başqa yerə apardılar”.Şahiddən niyə qeydiyyat şöbəsinə deyil, məhz R.Verdizadəyə müraciət etdiyi soruşulub. O, “Rüfəti tanımışam ona görə” deyə cavablandırıb.
Şahid İlkin Rəfiyev ifadəsində porter və xəstə baxıcılarının işə qəbulu ilə məşğul olduğunu deyib: “Orada işdən çıxarılan işçilər vardı. Müqavilə müddətləri bitmişdi. İşdən çıxarılmaları ilə bağlı isə şikayətləri vardı. Rüfət Verdizadə onlara deyib ki, pul verin, müqavilə müddətini uzadaq”.
Məhkəmə prosesi dekabrın 6-da davam edəcək.
İttihama görə, İmran Ağayev Hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.
Amma özünün direktoru olduğu "Medi Style" MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrin qəbulunu tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.
İ.Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardımları ilə Hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51 599 manat pul alıb.
Həmçinin müəyyən edilib ki, həmin məbləğin cəmi 7 500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ isə İ.Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.
Bundan başqa, İ.Ağayevin Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş R.Vəlizadə ilə də birgə cinayət əməlləri sübuta yetirilib. Belə ki, xəstələrin Hospitala yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində xəstələrdən və ya onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub. Hospitalın VİP korpusunda qiymət çox zaman 3 000 manat olaraq xəstə yaxınlarına təklif edilib.
İstintaqla müəyyən edilib ki, xəstələrdən Zaməddin Məmmədov Hospitala qəbul edilib "VİP korpusu"a yerləşdirilib. Bunun üçün ondan 3 000 manat tələb edilib. Amma Z.Məmmədov başda məbləği 300 manat kimi başa düşüb. Onu xəstəxanaya yerləşdirəndə bilib ki, məbləğ 3 000 manatdır. Deyilən məbləği ödəyə bilmədiyi üçün oradan çıxarılıb.
İttihamda göstərilir ki, təqsirləndirilən R.Vəlizadə Hospitalda qeydiyyatçı vəzifəsində işləməklə qeyri-rəsmi olaraq köməkçisi olan Q.Orucovla da bir neçə cinayət əlaqəsinə girərək xəstələrdən pul alıb.
İstintaq zamanı o da aşkar edilib ki, R.Vəlizadə özü koronavirusa yoluxduğu, izolyasiya olunmalı olduğu halda rəsmi qurumlara yalan məlumat verərək, telefonun GPS sistemini söndürərək müxtəlif yerlərə gedib.
Tarix: 4-12-2021, 11:14