“Həzərat, bu Ramiz Mehdiyev ki, var, deyəsən, akademik dühası o qədər qıcqırıb ki, elə bilir akademiya buna dədəsindən miras qalıb”.
KONKRET.az xəbər verir ki, bu sözləri özünün facebook statusunda Hüquq və İnsan Haqları İnstitutunun sabiq şöbə müdiri, elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov bildirib.
O, daha sonra statusunda yazıb:
“Adam bu qoca yaşında, ömrünün üzü o yana vədəsində rəhmət qazanmaq əvəzinə, lənətə işləyir.
Xislətində, içində yaratmaq, qurmaq adına “damazlığa” bircə hüceyrənin belə olmadığı bu zat ötən günlərinin heyfini qab-qacaq dükanına girmiş nə bilim nə kimi qarşısına çıxan hər şeyi çığnayıb qırmaqla çıxmaqda qərarlıdır.
Akademiyanın prezidentindən çox özünü bazar müdürü, “girdovoy” kimi aparan “Enveroviç” insanların söz və fikir azadlığını boğmaqla, düz söz deyəni məhz özünəməxsus çirkin, nalayiq, “yaraşır” üsullarla cəzalandırmaqla məşğuldur.
Adam bəndənizə qızıb ki, bəs niyə haqqında bir-iki tərifli şərh yazmışam. O üzdən çağırıb əshabələrinə tapşırıb ki, bu akademiyada ya mən qalmalıyam, ya da Niyazov.
Siz bir təfəkkürə baxın, ağıla baxın, səviyyəyə tamaşa edin!
Adam bu feodal, hətta bir az da irəli gedək, Azıx təfəkkürü ilə 25 il Prezident Administrasiyasında necə oturubmuş?!
Ölkənin elm qərargahına hansı mənəvi haqq və elmi “kapasitə” ilə başçılıq edir?!
Başdan-ayağa, ruslar demişkən, “yeriyən lətifə” olduğunu nə tez unudub?!
Məgər ailəsinin qudurğan əməllərinə görə bütün ölkənin qınağına tuş gələn, eləmə tənbəllik, yerindən duranın “Nə yemisən? Turşulu aş!” “çilədiyi” bu deyildimi?
Adamı göndəriblər ki, get, indiyədək özünə işləmisən, indi də bari, elmin gününə ağla, yaddaqalan bir iş gör akademiya üçün, amma çifayda… Heç görmüsünüzmü ki, yabanı ot qızılgül bitirsin, mişardan çıxmış “beşlik” taxta bəhərə düşsün?!
Azərbaycan elmi bu gündədir, həzərat!
Ümid ya hörmətli Prezidentədir ki, çıxarıb atsın, ya da Allahadır ki, “mələk”lərinə tapşırsın”.