Rusiya sözünü “Rrrrasuya”, Ermənistanı isə “Arrmeniyastan” kimi tələffüz edən “ekspert” var. Zamana və mövzuya uyğun olaraq “siyasi, hərbi, sosial, iqtisadi, psixoloji... məsələlər üzrə ekspert”, paralel olaraq “siyasi mühacir” kimi təqdim edilir. İndi də DSX-yə məxsus Mİ-17 helikopterinin qəzaya uğramasına şərh verir. Dünəndən başlayaraq intensiv təbliğat aparır, yutub kanallarından düşmür. Azərbaycana “bağlılığı” yuxarıdakı iki kəlmədən çox aydın şəkildə sezilən, dilimizdə iki cümləni normal tələffüz edə bilməyən “ekspert”in indi də “milli damarı” tutub. Deyir ki, “millətimizi aldadırlar”, “hərbi helikopterlə bağlı yaşananlar qəza deyil, təxribatdır”. Çıxışının əvvəlində qəzanı təxribat adlandırır, sona doğru bu versiyanı unudur, “helikopter köhnə olduğu üçün qəzaya düşüb” deyir. Əslində o və onun kimilərin çıxışlarına təəccüblənmirəm. Yaxın bir neçə il ərzində çıxışlarını müşahidə edəndə görünür ki, bu “milli təəssübkeşlər” nə faciələrimizə kədərləniblər, nə də şad günlərimizdə sevinməyiblər. Ermənistan üzərindəki qələbəni də qəbul etmirlər. Qəribə olan budur ki, bu qondarma ekspertləri hələ də bəyənənlər, layk edənlər var.
Helikopter qəzaları intensiv şəkildə təsadüf olunan hallardandır. ABŞ-da, Fransada, Türkiyədə...inkişaf etmiş digər dövlətlərdə də yaşanır. Azərbaycan Silahlı Qüvvələri ən müasir silah arsenalına malikdir, peşəkardır. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bir daha təsdiqlədi. Qəza baş veribsə, səbəbləri araşdırılacaq, müvafiq ölçü götürüləcək. Dövlət qurumları zatən tədqiqata başlayıblar. Araşdırma aparılacaq, nəticələr bilinəcək. “Qara qutu” əldədir, üstəlik, helikopterdə olan və sağ qalan iki nəfər canlı şahid də var. Bu qədər faktın içində qəzanı təxribat kimi şərh edənlər ortaya çıxırsa, deməli faciə üzərindən təxribat törətmək istəyənlər var.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Müşfiq Ələsgərli
Tarix: 1-12-2021, 14:32