Prokuror Dövlət Xidmətinin sabiq rəisinə 12 il həbs cəzası istədi


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxslər barəsində elan olunmuş ittihamların məhkəmə yolu ilə sübuta yetirildiyini əsas gətirərək Zakir Sultanovun külli miqdarda mənimsəmədə (CM-nin 179.4-ci maddə) təqsirli bilinməsini və 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin azyaşlı övladı olması və yaxınları tərəfindən 4 milyon manat ödənilməsini yüngülləşdirici hal hesab etməyi məhkəmədən xahiş edib.
Bundan başqa, prokuror zərərçəkmiş tərəfindən qaldırılmış 5 milyon 300 min manat mülki iddianın təmin edilməsini istəyib.
Proses dekabrın 14-də vəkillərin müdafiə çıxışı ilə davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.
Tarix: 30-11-2021, 22:41
Xəbəri paylaş



Xəbər lenti