“Mən hesab edirəm ki, qadınları şantaj edən bu cür dırnaqarası kişiləri ömürlük azadlıqdan məhrum etməlidirlər. Nə qədər alçaq olasan ki, qadını şantaj edib, ondan pul alasan”.
Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlu bu cür addımların mentalitetimizə yaraşmadığını bildirib: “Burda hansı qeyrətdən, namusdan danışmaq olar?! Düşünürəm ki, belə cinayətləri törədən şəxslər ağır şəkildə cəzalandırılsalar, başqalarına da dərs olar. Bu bizim mentalitetimizə yaraşmayan hərəkətdir.
Amma burda qadınlarımız da diqqətli olmalıdır. Azərbaycan qadınına bircə onu tövsiyə edirəm ki, namusunu, qeyrətini qorusun. Onu kimlərsə yoldan çıxarıb, o dərəcəyə çatdıra bilər. Gərək bunu bilsinlər. Amma kişilərin bu cür hərəkəti heç bir çərçivəyə sığımır”.
Qeyd edək ki, Şirvan rayonunda qadınları sosial şəbəkədə şantaj edərək hədələyən və onların pulunu alan 26 yaşlı rayon sakini Fərhad Kərimov polis tərəfindən saxlanılıb.
Tarix: 25-11-2021, 09:11