Dünən gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində beton mikser avtomobilinin küçənin tam yarısının zəbt edərək tikinti işi aparması müzakirələrə səbəb olub.Ekspert Ərşad Hüsyenov “Kriminalqafqaz”a açıqlamasında bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 11-ci maddəsinə əsasən, yolda belə işlər yalnız DYP-nin razılığı ilə görülə bilər:
“Həmin maddədə çox aydın şəkildə qeyd olunub ki, yolun hərəkət hissəsində görülən bu tipli işlər hərəkətin məhdudlaşdırılması ilə nəticələnir, həm piyadalara, həm də sürücülərə maneələr yaradır. Rəsmi razılığın olması üçün də həmin əraziyə baxılmalıdır. Orada hərəkət intensivliyi ən aşağı səviyyədə olmalıdır. Razılıq veriləndən sonra da həmin əraziyə müvəqqəti yol nişanları qoymaq lazımdır. Çünki videodan da göründüyü kimi sürücülər orada qoşa xətti tapdalayırlar. Bundan başqa qarşı tərəfdən gələnlərlə də toqquşma halları ola bilər. Bütün bunların qarşısını almaq üçün yol nişanları qoyulmalıdır”.
Ekspert bildirib ki, əgər rəsmi razılıq yoxdursa, bunu edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsində ciddi sanksiya nəzərdə tutulur:
“Prezidentin 795 saylı fərmanınına əsasən, bu maddə üzrə məsuliyyətə cəlb etmə səlahiyyəti həm Bakı Nəqliyyat Agentliyi, həm də Dövlət Yol Polisinə aiddir. Hansı aşkar etsə, sənədləşdirir və əgər vəzifəli şəxsdirsə, özləri qərar çıxarırlar. Hüquqi şəxs olduqda isə protokol tərtib olunur və göndərilir ərazi üzrə məhkəməyə.Bu işi fərdi sahibkar edirsə, 400-500 manat cərimə, şirkət (hüquqi şəxs) edirsə, 3000-4000 manat cərimə ödəməli olur”.
Ərşad Hüsyenov qeyd edib ki, dünənki faktı BNA ictimailəşdirib: “Xəbərdə vurğulanır ki, işlər özbaşına görülür. BNA bu faktı aşkar edibsə, artıq inzibati məsuliyyətə cəlb etmə ilə bağlı rəsmiləşdirilmə də edilməli idi”.
BNA-nın sözçüsü Mais Ağayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmin sürücü İXM-nin 354-cü maddəsi ilə yox, sadəcə dayanma-durma qaydalarını pozduğu üçün 20 manat cərimə edilib: "Digər məsələlərlə yol polisi məşğul olur".
Bakı şəhəri Dövlət Yol polisi idarəsinin baş inspektoru Araz Əsgərli “Kriminalqafqaza” bildirib ki, bu məsələ ilə bağlı inzibati protokol tərtib edilib:“Qeyd olunan hadisə ilə bağlı məsələyə hüquqi qiymət verilib, icazə olmadan bu cür addım atan şəxs barəsində protokol tərtib edilib. Bundan sonra həmin avtomobil ərazidən uzaqlaşdırılıb və yolda hərəkət təmin olunub. Xüsusi dövlət əhəmiyyətli təmir tikintisi təxirəsalınması mümkün olmayan tikintilərdən başqa heç bir kəs paytaxt ərazisində bu cür addımlar atmamalıdır. Əks halda ciddi tədbirlər görüləcək".
Tarix: 23-11-2021, 22:30