Tağı Əhmədovun sələmçilikdə batan 2 milyonu



Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir.
Musavat.com xəbər verir ki, bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onlardan yalnız Səadət Xəlilov həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Səadət Xəlilov deyib ki, Tağı Əhmədov əvvəl 1 milyon manat pula görə aylıq 10 min manat qazanc istəyib.
Bu işdə zərərçəkən qismində tanınan Soltan Əliyev Tağı Əhmədovun yaxın dostudur və Səadət Xəlilovla keçmiş Metropoliten rəisi arasında vasitəçi olub.
Səadət Xəlilov bildirib ki, Soltan Əliyev ona deyib ki, Tağı Əhmədov obyektini satır, onun pulunu bizə verəcək:
"Qazaxıstandan mərmər sifarişləri götürmüşdük, vaxt daralırdı. Malı vaxtında çatdırmasaydıq cərimə ola bilərdi. Soltan məni apardı, Tağı Əhmədovla görüşdük. Harada, kimlərlə işlədiyimlə maraqlandı. Özü də mərmər işiylə məşğul olan bir neçə nəfərin adını çəkdi. Bu sahəni bildiyimə əmin olandan sonra dedi ki, 3 milyon vermək istəyir”.
Xəlilovun sözlərinə görə, həmin görüşdə 200 min verilib. Bir müddət sonra Soltan Əliyev ona zəng eləyib deyib ki, 3 ədəd sellofan torba götürüb, YAP-ın Yasamal rayon təşkilatının yanına gəlsin. Ora gəlib, Tağı Əhmədovdan daha 1 milyon alıblar. Üçüncü dəfə isə onlara 800 min manat verilib. Amma 1 milyon götürüləndə Tağı Əhmədova Elmlər Akademiyasından sertifikatı da olan, bahalı yaqut qaş girov verilib.
Xəlilov deyir ki, xaricdəki mallarla bağlı ödənişdə problemlər yarananda onlar da faizləri ödəməkdə çətinlik çəkirdilər. Buna görə artıq söz-söhbət yaranmışdı.
Təqsirləndirilən şəxs əlavə edib ki, faiz ödənişində problemlər yarananda Tağı Əhmədovun qohumları elə Soltan Əliyevin yanında onu döyüblər. Onun sözlərinə görə, Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da bu məsələ ilə əlaqədar bir neçə dəfə onunla görüşüb.
Amma zərərçəkmiş Soltan Əliyev deyir ki, Xəlilovun döyülməsinin şahidi olmayıb.
Soltan Əliyev cavab olaraq deyib: “Səadət, sənin günahın o oldu ki, şantaja keçdin. Bununla da böyük səhv elədin və işlər bu yerə gəlib çatdı”.
Səadət Xəlilov isə onun yalan danışdığını deyib.
Onun sözlərinə görə, zərərçəkmiş Soltan Əliyev Xətai rayon Məhkəməsində ona qarşı ayrıca mülki iddia da qaldırıb. Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, 1 milyon 92 min manat da faiz pulu tələb edir: “Bəs niyə verilən faizləri saymırsız? Məni sizin yalanlarınıza görə 10 ilə qədər həbs gözləyir. Eybi yox, mən bu 10 ili həbsdə yataram, amma siz bu qədər yalanlarla yata bilməyəcəksiz. Adamın vicdanı olar. Tağı Əhmədova 234 min faiz vermişəm, amma o pulu çıxmırsız, üstəlik, 1 milyon əlavə faiz istəyirsiz".
İstintaq zamanı təqsirləndirilən şəxslərin anten məlumatlarından ortaya çıxıb ki, onlar dəfələrlə YAP-ın Yasamal rayon təşkilatında olublar. Həmin zaman da təşkilatın sədri Tağı Əhmədov olub. Bu söz-söhbətdən sonra Tağı Əhmədov YAP-dakı vəzifəsindən çıxarılıb.
Həmçinin o da məlum olub ki, Tağı Əhmədovla hazırda həbsdə olan Səadət Xəlilov arasında pul mübahisəsinə görə dəfələrlə telefon danışıqları olub.
Xatırladaq ki, Tağı Əhmədov vaxtı ilə “MTN işi”ndə də zərərçəkmiş qismində idi. Tağı Əhmədov maaşından “yığdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi.
İlkin Muradov,
Musavat.com
Yazı ilk dəfə 19.11.2021 tarixində yayınlanıb.
Tarix: 21-11-2021, 09:10
Xəbəri paylaş



Xəbər lenti