Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 19-da Azərbaycanın keçmiş baş prokuroru və ölkənin Serbiyadakı keçmiş səfiri Eldar Həsənovun səhhəti ilə əlaqədar onun işi ilə bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən üçüncü müvəqqəti tədbir haqqında qərar qəbul edib. Bu barədə Turan-a onun vəkili Cavad Cavadov bildirib.Vəkilin sözlərinə görə, may və iyun aylarında AİHM artıq qərarlar qəbul edib, bu qərarlardan sonra Həsənov, çox yubadılma ilə olsa da, DTX-nin Hospitalına köçürülmüşdü.
Oktyabrda Səhiyyə Nazirliyinin komissiyası Həsənov vertiqo, hipertoniya, şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəksə də, onun stasionar müalicəsinə ehtiyac olmadığı barədə qənaətə gəlib.
“Bir halda ki, Eldar Həsənov hətta vaxtaşırı məhkəmə iclaslarında da yıxılır və onu məhkəmədən xərəklə aparılır. Biz Türkiyədən olan həkimlərin rəyini AİHM-yə təqdim etmişik, onlar belə ciddi xəstəlikləri olan xəstənin stasionar şəraitdə ixtisaslaşdırılmış tibbi yardım almalı olduğunu qeyd edirlər. Hətta Səhiyyə Nazirliyinin komissiyası xəstəxanaya yerləşdirmə zərurəti olmadığını qeyd etsə də, fizioterapiya prosedurlarının, fiziki hərəkətlərin yerinə yetirilməli olduğuna ehtiyac olduğunu qeyd edib. Amma istintaq təcridxanasında belə bir şərait yoxdur”, deyə vəkil qeyd edib.
Onun sözlərinə görə, AİHM müdafiə tərəfin dəlillərini diqqətə alaraq, hökumətdən:
Eldar Həsənova bütün zəruri adekvat, yüksək ixtisaslı, o cümlədən stasionar qaydada tibbi yardım göstərillməsi ilə bağlı tədbirlərin görülməsinin təmin edilməsini;
Eldar Həsənov həbsdə qaldığı təqdirdə ona göstərilən tibbi yardımla və sağlıq durumu ilə bağlı mütəmadi olaraq Məhkəməni məlumatlandırmağı tələb edib.
Vəkil həmçinin məhkəmə istintaqının ədalətsiz aparıldığını, müdafiə tərəfin vəsatətlərinin təmin edilmədiyini, Həsənovun özünü pis hiss etməsinə baxmayaraq iclasların keçirildiyini qeyd edib.
“Eldar Həsənova qarşı heç bir etibarlı dəlil yoxdur. Heç bir sənədin altında onun imzası yoxdur”, deyə vəkil bildirib.
Həsənov özü noyabrın 19-da məhkəmədə bildirib ki, xəstəliklərinin ağıırlaşmasına baxmayaraq, məmurlardan biri ona ixtisaslaşdırılmış tibbi yardım göstərilməsini qadağan edib. O, məmurun adını açıqlamayıb.
Eyni zamanda, o, ədalətli hökm gözləmədiyini, amma gec və ya tez bəraət alacağına inandığını bildirib.
* Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1. (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Həsənov 2010-2020-ci illər ərzində Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən büdcə vəsaitini mənimsəməkdə və oğurlamaqda ittiham olunur.
Contact.az
Tarix: 20-11-2021, 22:41