Hüquqşünas: “Burada çirkli pulların əldə olunması məsələsi var”Ölkənin bir sıra xəbər saytında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadənin 275 min dollarlıq (450 manat) dəyərində olan avtomobili haqqında məlumat yayılıb.
Bildirilir ki, başçı oğlu yarım milyonluq maşınına 50-100 minlik nömrə də bağlayıb.HİT.az saytı yazıb ki, Elşən Babaşzadə "Mercedes Benz G-63 AMG” markalı maşının “10-LL-077” nömrə nişanını “77-LL-077” ilə əvəzləyib. “77-LL-077” Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.
Məlumat verək ki, Elşən Babaşzadə Dövlət Vergi orqanında müfəttişdir.Yəni həm ata, həm də oğul dövlət məmurudur. Bəs, xalqa xidmət etməli olan məmurun bu qədər bahalı əmlaka sahib olmasının mənbəyi araşdırılıbmı? Elşən Babaşzadənin avtomobil kolleksiyasının olduğu deyilir.Elşən BabaşzadəƏvvəlcə onu qeyd edək ki, məsələ ilə bağlı nə icra başçısı Rəcəb Babaşov, nə haqqında yazılan Elşən Babaşzadə heç bir açıqlama verməyiblər. Musavat.com olaraq Qazax Rayon İcra Hakimiyyətindən məlumat almaq üçün dəfələrlə cəhd etsək də, buna nail ola bilmədik.
Hüquqşünas Əsabəli Mustafayev Musavat.com-a bildirib ki, dövlət qulluqçuları ilə bağlı etik-davranış qaydaları var və bu məsələdə həmin qaydalar pozulub:
“Bu qaydalarda mənəvi cəhətlərə çox üstünlük verilib. Bildirilib ki, dövlət məmuru təvazökar olmalı, hərəkətlərinə qiymət verməli, ətrafına hörmətlə yanaşmalıdır. Xəbərdə yazılan hallar varsa bu, davranış kodeksinin pozuntusu kimi qəbul edilə bilər. Bu maşınların alınmasına gəlincə isə mümkündür ki, burada korrupsiya əlamətləri var. Çünki onun maaşı ilə maşınların qiyməti uyğun gəlmir. Belə olan halda hüquq -mühafizə orqanları araşdırma apara bilər ki, bu vəsait hansı yolla əldə edilib. Düzdür, bizdə deklarasiya yoxdur, vergidən yayınmanı sübut etmək çətindir. Ona görə də ilk növbədə onun etik davranışına işlədiyi idarə qiymət verməlidir. İşi nəzarətdə saxlamaq həm vergi orqanlarının, həm də hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, burada çirkli pulların əldə olunması məsələsi var. Artıq işlədiyi qurum onun bu cür davranışına mütləq şəkildə qiymət verməlidir”.
Sosioloq Əhməd Qəşəmoğlu Musavat.com-a bildirib ki, bu cür məsələlər ciddi şəkildə qınanılmalıdır:
“Bir cəmiyyətdə əgər maddi dəyərlər mənəvi dəyərləri üstələyirsə, orada ciddi problemlər ortaya çıxır. Mənəvi dəyərlər öndədirsə, cəmiyyət özü-özünü tənzimləyir. Ölkədə müharibə şəraitindən asılı olmayaraq çalışmaq lazımdır ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olsun. Bu barədə dövlət məmurları cəmiyyətə nümunə olmalıdır. Onlar əllərinə pul düşən kimi özlərini maddi baxımdan nümayiş etdirirlərsə, deməli ölkənin tərəqqisinə zərbə vururlar. Hazırda ölkədə, cəmiyyətdə həssas dönəmdir. Bu kimi nömrə, maşın nümayiş olunan zaman da cəmiyyətdə mənəvi aşınma baş verir. Bu, xalqa, ölkəyə qarşı olan işdir. Belə məsələləri çox mənfi qarşılayıram. Xalq olaraq bu cür hallarla mübarizə aparmalıyıq. İnsanlar mənəviyyat uğrunda bir-birilərilə yarışmalıdır. Xalqımızı dəvət edirəm ki, bu cür hallara qarşı mübarizə aparsınlar”.
Onu da qeyd edək ki, ötən il də Qazaxın icra başçısının milyonluq mülkləri barədə mətbuatda yazılar dərc edilmişdi. Bildirilmişdi ki, icra başçısının 10 ailə avtomobili var ki, onlardan da ən ucuzunun dəyəri 200 min ABŞ dollarıdır.
Tarix: 19-11-2021, 23:11