Flora Kərimova: “Yüzminlərlə soydaşımız çekləri əllərində gözləyirsə, onların çağırışına reaksiya verilməlidir”
Akif İslamzadə: “Tədavül müddətinin artırılması ehtiyac içərisində olan vətəndaşlara bir imtiyaz olardı”
Cavanşir Quliyev: “Ən qısa müddətdə bu məsələ öz həllini tapmalıdır”1996-cı ildə mərhum Prezident Heydər Əliyev əhaliyə əvəzsiz olaraq, hər biri dörd paydan ibarət özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı fərman imzaladı. Fərmanın məqsədi sosializmdən kapitalizmə keçid mərhələsində olan Azərbaycanın yeni iqtisadi modelini hazırlamaq, Sovetdən qalmış dövlət əmlakının özəlləşdirilməsi prosesində vətəndaşların iştirakına şərait yaratmaq idi.
O zaman bu fərman coşqu ilə qarşılansa da, sonradan müəyyən işbazların və məmur-oliqarxların fəaliyyəti nəticəsində bütövlükdə böyük bir proses yarımçıq qaldı. Əhalinin bir qrupu əllərində olan özəlləşdirmə çeklərini “qara bazar”da dəyər-dəyməzinə satışa çıxardı, bir qrupu isə bu gün də vauçerlərini özündə saxlayır.
Faktiki olaraq ölkə vətəndaşlarının bu prosesdə iştirakına şərait yaradılmadı. Milyonlarla insanın hüquqları pozuldu, yüzminlərlə vətəndaş isə bu gün də öz çeklərini gələcəyə ümidlə qorumaqdadır.
Son dövrlər ölkədə aparılan genişmiqyaslı islahatlar 2011-ci ildə tədavül müddəti başa çatmış özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qaytarılacağına, bu istiqamətdə zəruri addımların atılacağına böyük ümidlər yaradıb. Xüsusilə Azərbaycan İnvestisiya Holdiqinin fəaliyyətə başlaması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalar bu məsələni yenidən aktuallaşdırıb.
Azərbaycanın mədəniyyət xadimləri özəlləşdirmə çekləri və həmin çeklərə ümidini bağlamış vətəndaşların hüquqlarının bərpa ilə bağlı fikirlərini AYNA-ya açıqlayıblar.
Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimovanın sözlərinə görə, Heydər Əliyevin fərmanı mühüm tarixi hadisə idi: “Xatirimdədir, bu fərman böyük ruh yüksəkliyi ilə qarşılandı. Burada məqsəd vətəndaşlarımızın özəlləşdirmə prosesində iştirakını təmin etmək idi. Onların ata-babalarının, hər birinin haqqı var idi Sovet dövlətinin üzərində. Bu səbəbdən bu əmlaklar da elə onların arasında bölünməli idi. O zaman ailə üzvlərimdən biri bu işlərlə məşğul olurdu. Açığını desəm, xatırlamıram çeklərimizin aqibəti necə oldu. Hər halda bu proses gözlənildiyi kimi, həyata keçirilmədi”.
“Bu gün Azərbaycan qalib ölkədir. İllərin tarixi həsrətinə son qoymuşuq. Artıq hər yerdə fəxrlə söyləyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik. Bu qələbə bizi birləşdirdi, daha da yaxınlaşdırdı. Son dövrlər Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar bütün ziyalılar və xalqımız tərəfindən təqdir olunur. İnanıram ki, nəhayət, bu məsələyə də aydınlıq gətiriləcək. Yüzminlərlə soydaşımız çekləri əllərində gözləyirsə, onların çağırışına reaksiya verilməlidir. Bu təşəbbüsü irəli sürənləri tam mənada dəstəkləyirəm. Onlarla birlikdə olduğumu bəyan edirəm”, - deyə Kərimova bildirib.
Məşhur ifaçı Akif İslamzadə də vətəndaşların vauçerlərlə bağlı haqlarının bərpasını vacib hesab edir: “Özəlləşdirmə çeklərini yuxu kimi xatırlayıram. Görün, üzərindən nə qədər keçib. Heç xatirimdə deyil ki, biz o çekləri nə zaman aldıq. Satdıqmı, yaxud qalırmı? Hətta onu da xatırlamıram. Hesab edirəm ki, o çeklərin cəmiyyətə bir faydası olmadı. Olsaydı, biz də onu xatırlayardıq. Çox təəssüf ki, bu proses də effektiv təşkil edilmədi”.
“Bilirsiniz, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası hökm sürür. Digər yandan bahalaşma gedir, əhalinin sosial vəziyyəti yaxşı deyil. Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması labüddür. Bu, həm də ehtiyac içərisində olan vətəndaşlara bir imtiyaz olardı. Ən azından yüzminlərlə vətəndaş hələ də gözləyir. Gözləyirsə, demək ümidləri var. Vətəndaşın ümidini doğrultmaq isə yaxşı şeydir”, - deyə İslamzadə vurğulayıb.
Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyevin dediyinə görə, o zaman özünə məxsus vauçerləri dostuna verib: “Mən heç zaman ticarətlə məşğul olmamışam. Bundan sonra da olmayacağam. O səbəbdən vauçerlərimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan yaxın dostuma bağışladım. Bildiyim qədər, müəyyən faydası oldu. Amma ümumilikdə bu proses qüsurlu aparıldı. Əhalinin maariflənmə səviyyəsi çox aşağı idi. Heç bilmədilər ki, özəlləşdirmə çekləri nə deməkdir. Bir də ayıldıq ki, artıq proses sona çatıb”.
“Bu gün yüzminlərlə insan hələ də o vauçerləri evində saxlayır. Mən iqtisadçı deyiləm, amma ortada vətəndaşların hüquqlarının pozulması müzakirə mövzusudursa, burada iqtisadçı olmağa da gərək yoxdur. Layiqli vətəndaş olmaq kifayət edir. Hesab edirəm ki, tədavül müddəti artırılmalı və bununla yüzminlərlə insanın hüquqlarının pozulmasına son qoyulmalıdır. Problemin həllini sonsuza qədər uzatmaq olmaz və ən qısa müddətdə öz həllini tapmalıdır”, - deyə Quliyev fikirini yekunlaşdırıb.
Müəllif: Aydın Gəray
Tarix: 11-11-2021, 08:57