Son günlərin ən böyük qalmaqallarından biri Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevin İngiltərədəki banklarda olan 20 milyon dollardan artıq puluna həbs qoyulması təhlükəsilə bağlıdır. Həmin məlumata görə, Böyük Britaniyanın
Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə, onun həyat yoldaşına, oğluna və bir qohumuna məxsus bank hesablarındakı
20,5 milyon dollara (15 milyon funt sterlinq) həbs qoya bilər. Bu barədə məlumatı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) yayıb. Agentlik belə hesab edir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirilir ki,
15 milyon funt sterlinqin 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, 6,4 milyonu isə oğlu Orxan Cavanşirə məxsusdur. Pərvanə Feyziyeva və oğlu Orxan Cavanşir sözügedən ölkədə yaşamaq imkanını təmin etmək üçün bu pulun bir hissəsini Böyük Britaniyanın investisiya vizası proqramına yatırıblar. Ümumi məbləğin bir milyon funt sterlinqi isə Feyziyevin qohumu
Elman Cavanşirə məxsusdur.
Sözügedən məsələ ilə bağlı deputat Cavanşir Feyziyev mətbuata açıqlamasında bildirib ki, 2017- ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb. Deputat özünü arxayın göstərməyə çalışaraq, burada hər hansı qeyri-qanuni məqamın olmadığını və sözügedən vəsaitlərin mənbəyini göstərə biləcəklərini deyib:
“Biz İngiltərəyə köçürülmüş pul vəsaitlərinin qanuni mənbəyini təsdiq edən sənədləri araşdırmaya təqdim etmişik və mətbuatda yayılmış xəbərin əsassız olduğunu bildirmişik. Məsələyə İngiltərə məhkəməsində baxılmasını istəmişik və inanırıq ki, məhkəmə hər iki tərəfin arqumentlərini ədalətli şəkildə dəyərləndirəcək. Belə bir məsələnin araşdırılması İngiltərədə qəbul olunmuş yeni qanunvericiliyin tətbiqi ilə bağlıdır. Yeni qanuna görə İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”.Birincisi, bu vəsaitlərin doğrudan da əvvəlcədən qanuni əsasları, sənədləri vardısa, məhkəmə nədən bu işi araşdırmaq qərarına gəlsin? Deməli, ortada həmin pulların “çirkli” olduğuna dair ciddi şübhələr var.Digər yandan, göründüyü kimi, C.Feyziyev təkcə İngiltərə banklarında 20 milyon dollardan artıq pulunun olduğunu və xarici agentliyin yayımladığı məlumatın həqiqiliyini təsdiq edir. Üstəgəl, İngiltərənin, xüsusilə Londonun dünyanın ən bahalı ərazilərindən biri olduğunu nəzərə alsaq, deputatın bu ölkədə məskunlaşan ailə üzvlərinin yaşadığı malikanələrin də bir neçə milyon funt-sterlinq dəyərində olduğu şübhə doğurmur.
Bunun üzərinə deputatın ailəsinin İngiltərədəki bizneslərini də gəlsək, belə çıxır ki, onun təkcə İngiltərədəki varidatı ən azı bir neçə on milyon dəyərindədir.Azərbaycana gəldikdə isə, Feyziyevin malikanələrinin, obyektlərinin sayı-hesabı bilinmir. Hətta bir müddət əvvəl onun müğənnilərdən birinin adına
10 milyonluq obyekt alması barədə həmin müğənninin özünün açıqlaması dərc edilmişdi. Təbii ki, bu da onun mal-mülkünün siyahısında heç də əsas və yeganə bənd deyil.
Bundan əlavə deputatın Zağulbada 4 hektarlıq ərazidə villaya, Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetrlik 10 milyonluq obyektə, Şəkidə fəaliyyət göstərən dörd ulduzlu "Şəki Saray" hotelinə və s. malik olmasına dair mətbuatda çoxsaylı məlumatlar dərc olunub ki, bunların da heç birini millət vəkili rəsmən təkzib etməyib.Yaxşı, nə qədər sadəlövh səslənsə də, sual yaranır ki, deputat bu qədər pulu harada qazanıb? Təbii ki, Azərbaycanda. Belə olan təqdirdə, deməli, İngiltərə məhkəməsinə də Azərbaycanın vergi orqanının sənədini təqdim edib (əgər edibsə-red.). Elə isə həmin sənədləri Azərbaycan cəmiyyətinə, məsələn, özünün sosial şəbəkə səhifəsində açıqlaya, paylaşa bilərmi?
Məntiqlə öz reputasiyasının, adının qeydinə qalan və bir millət vəkili kimi həm də siyasi fəaliyyətlə məşğul olan şəxs bunu böyük həvəslə etməlidir. O zaman açıqlasın, görək, bu deputat-biznesmen böyük varidatını hansı biznesdən və nə vaxt qazanıb. Ən əsası izə həmin qazancından büdcəyə nə vaxt və nə qədər vergi ödəyib...C.Feyziyev 2010-cu ildən deputatdır. Bu isə o deməkdir ki, bizneslə məşğul olmayıb (qanunla-red.). Belə olan təqdirdə, özünün də boynuna aldığı kimi, 2017-ci ildə təkcə ingilis banklarında aşkarlanan
20 milyon dollardan artıq pulun gerçək mənbəyi nədir? Bəli, deputat olmazdan əvvəl biznesi olub.
Bəs, doğrudanmı məhz həmin dövrdə şəffaf bizneslə bu qədər varidat əldə edib və həmin gəlirə görə də vergi ödəyib? Onu da qeyd edək ki, vergi orqanının reyestrində nə bu şəxsə, nə də onun ailə üzvlərinə aid hər hansı məlumat əldə etmək olmur. Dövlət Vergi Xidmətinin sistemində, məsələn, Feyziyevin oğlu Orxan Cavanşir adına axtarış versəniz, qarşınıza
"Bu ada uyğun VÖEN müəyyən edilmədi!" məlumatı çıxacaq. Bəs, belə olan təqdirdə, görəsən Feyziyev İngiltərə məhkəməsinə hansı sənədləri təqdim edib?
Olmazmı ki, İngiltərə məhkəməsi qarşısında “boynu qıldan incə” olan Feyziyev eyni həssasiyyəti Azərbaycan cəmiyyətinə, öz seçicilərinə qarşı da göstərsin. Və miqyası 10 milyonlarla, bəlkə də yüz milyonla ölçülən varidatının mənbəyini, bu varidatı əldəetmə prosesində ödədiyi vergiləri açıqlasın.
Əlbəttə ki, olmaz və bunu heç zaman etməz. Azərbaycanda isə İngiltərədən fərqli olaraq, sözügedən deputatı buna məcbur edəcək cəmiyyət, nə məhkəmə, nə hüquq-mühafizə, nə də vergi orqanı var...Cəlal Məmmədov“AzPolitika.info”
Tarix: 3-11-2021, 23:01