Rəsul Quliyevdən "Müstəqillik Günü" ilə bağlı sensasion açıqlama: “Komik “müstəqillik aktına” imza ata bilməzdim”



“1991-ci ilin 18 oktyabrından 2 ay  öncə, yəni avqustda SSRİ-də “Avqust putçu”, başqa sözlə dövlət çevrilişinə cəhd edilmişdi. Boris Yeltsinin qətiyyətli addımları Sovet İttifaqında yaşayan xalqları ağır diktaturadan xilas etdi. İttifaq üzrə ən azı 10 respublikadan, o cümlədən Gürcüstan və Ermənistandan Yelçini dəstəkləyən teleqramlar Moskvaya axırdı. Bir çox paytaxtlarda, əsasən Moskvada mitinqlər keçirilirdi. Azərbaycan orta Asiya ölkələri ilə birlikdə həmin diktaturanın qorunmasını dəstəkləyirdilər. Hökumət, başda Ayaz Mütəllibov olmaqla həmin putçu dəstəklədiklərini böyük yaltaqlanma kampaniyası ilə elan etmişdi. Maraqlısı ondadır ki, Azərbaycanın başçısı putçu dəstəkləyəndə çevriliş artıq iflasa uğramışdı. Azərbaycandan rəhbərlik etdiyim zavoddan başqa Yeltsinə dəstək verən bir teleqramda getmədi. Zavodda teletayp var idi. məni həbs etmək üçün kabinetimin qarşısını kəsmələrinə baxmayaraq, mən Yeltsinin qərərgahına onu dəstəklədiyimiz barədə teleqram göndərdim. Bir sözlə, bu puç cəmi 3 gün çəkdi. Sonra proseslər ildrım sürətilə inkişaf etdi. Yeltsin Qarbaçovu Kremlə gətirdi və onun iştirakı ilə Rusiyada Kommunist Partiyasının ləğv edilməsi qərarına imza atdı. Bu proseslərdə Azərbaycanın o zamankı rəhbərliyi ilə bərabər Azərbaycan müxalifəti də öz zəifliyini bir daha nümayiş etdirdi. Həmin hansısa yazıya imza atmışlar, özlərini istiqlalçı adlandıranlar Azərbaycanın istiqlalının əlindən alınmasına “yox” demədilər, əksinə Mütəllibovla birlikdə “hə” dedilər”.
 
Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.
 
R.Quliyev xatırladıb ki, 1991-ci ilin avqustun sonlarında Sovet İttifaqı parça- parça olub, bir dövlət kimi 1991-ci ilin axırında elan etmələrinə baxmayaraq artıq sentyabrdan İttifaq yox idi.
 
Sabiq spikerin sözlərinə görə, bu səbəbdən də oktyabrda Azərbaycanı müstəqil elan etmək cəhdi daha çox komediyaya oxşayırdı: ““Artıq Sovet İttifaqı dağılıb, kimdən ayrılıb müstəqil olmaq istəyirsən?” sualı ancaq gülüş doğura bilərdi. O zaman da və ondan sonra da dəfələrlə bəyan etmişəm: Azərbaycan 1918-ci ilin mayında müstəqilliyini bir dövlət kimi qazanıb, 1920-ci ildən isə Sovetin tərkibində formal olaraq müstəqil ölkə kimi gedib. Bu səbəbdən müstəqilliyin elan edilməsini ayıb hesab etmişəm. Müstəqilliyinin bərpasını elan etməyin daha məntiqli olduğunu bu “istiqlalçılara” qandıra bilmədim. O şəkildə komik “müstəqillik aktına” heç vaxt imza ata bilməzdim. Bu səbəbdən də günümüzdə 18 oktyabr tarixinin “Müstəqillik” günü kimi deyil, “Müstəqilliyin Bərpəsı” günü kimi dəyişdirilməsini çox doğru hesab edirəm. Hansısa kağıza imza atmış və özlərini “istiqlalçı deputatlar” adlandıranlar içərisində dostlarım, dəstəklədiyim və hörmət etdiyim şəxslər var. Ancaq bu günə qədər bu insanların hansı ölkəyə, nə vaxt və necə istiqlal gətirdiklərini bilmirəm və əminəm ki, özləri də heç vaxt bunu bilməyəcəklər. Bu kağızı camaatın müzakirəsinə çıxarsaydılar, milyonlarla vətəndaşımız da ona imza atardı, ancaq yenə də heç bir əhəmiyyəti olmayan kağız parçası olacaqdı. Qorbaçovun SSSR-ni saxlamaq üçün 1991-ci ilin martında “Sovetin tərkibində qalmaq istəyirsən, ya yox?” referendumu keçirdiyini hər kəs bilir. O dövrdə bu “istiqlalçı deputatların” işi başlamalı idi. Yəni, onlar xalqı mitinqlərə çıxarıb, bu referendumun qarşısını almalı idi. O zaman kimlərisə “istiqlalçı deputat” statusuna bəlkə də layiq görmək olardı. Məsələn, Ermənistan, Gürcüstan, Baltik ölkələri və Moldovada bu işi gördülər. Hətta daha da irəli gedib “sən müstəqil olmaq istəyirsən?” referendumunu  keçirdilər. Ermənistan 72%, Gürcüstan 96%, Estoniya 74%, Latviya 65%, Litva 86%, Maldova 83% səslə müstəqilliyinə səs verdi. Bu ölkələrdə görülən müthiş işlərə rəğmən “istiqlalçı deputat” statusuna rast gəlməmişəm… Referendumda iştirak edən, Avqust çevrilişində (putç) ağzına su alıb duranlar özləri üçün necə “istiqlalçı deputat” statusu kəşf ediblər? Hesab edirəm ki, bütün bunlar yumordan başqa bir şey deyil”.
Tarix: 2-11-2021, 10:17
Xəbəri paylaş



Xəbər lenti