Bakıda 20 saylı məktəbdə rəzalət: Zəfər Gününə pul yığılır?

İmişlidə baş verən tükürpədici hadisədən çox gec də olsa hamılıqla xəbər tutduq. Di gəl, çi fayda?! Cəmiyyət olaraq əlimizdən heç bir iş gəlmir; iş işdən keçib, 11 yaşlı məktəblini, oyuncaqla oynayan yaşında olan uşağı atalığı, şərəfsizin biri hamilə qoyub, körpə dünyaya gətirməli olub.
İş indi hüquq-mühafizə orqanlarının öhdəsindədir, o binamusa ən ağır cəza belə azdır, çünki uşağın həyatını məhv etdi. Bizim cəmiyyət, media olaraq gücümüz qınağa çatır ki, belə hallar təkrarlanmasın. Amma bu məsələnin ən həssas yeri təhsil ocağıdır.
İmişlidəki zorlama faktı bir daha mesaj oldu ki, məktəblərdə nəzarət güclü olmalıdır, dərsə davamiyyət tələb edilməlidir, məktəb direktorları qulağına sırğa edib bu məsuliyyətlərini anlamalıdırlar.
Əks halda, Səbaildəki 162 saylı məktəbdə 14 yaşlı Elina Hacıyeva intihar edəcək, İmişlidə 11 yaşlı məktəbli zorlanacaq və hamilə qalacaq və bu cür hallar az qala tendensiyaya çevriləcək.
Məktəblərdə şagirdlər işləyən psixoloqlar, icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbələr var. Əgər İmişlidə həmin məktəbin direktoru tələbkar olsaydı, bu hadisədən zərərin yarısından heç olmasa dönmək olardı.
Cumhuriyyet.net bu xüsusdan çıxış edərək yazır ki, ümumtəhsil müəssisələrində nəzarət son dərəcə güclənməlidir. Lakin biz ayrı-ayrı məktəblərdən vaxtaşırı şikayətlər eşidirik, narazılıqlar qulağımıza çatır.
Məlum olur ki, dərsə davamiyyət zəifdir, nəzarət aşağı səviyyədədir, laqeydlik var, direktor və müavinləri, o cümlədən müəllimələr lazımınca şagirdlərlə maraqlanmırlar. Bunlardan birinin də paytaxtdakı 20 nömrəli məktəb-lisey olduğu göstərilir. Hazırda yoluxmalar səbəbindən distant təhsilə keçid etməli olan sözügedən məktəbdən şikayətlər tez-tez olur.
Bu da deməyə əsas verir ki, məktəb-liseyin rəhbərliyi işinə kifayət qədər məsuliyyətli yanaşmır. Əslində yeni tədrisin başlanmasından qısa müddət sonra məhz bu məktəbin koronavirusa yoluxmalar səbəbindən bağlanması göstərir ki, burada ara məsafənin qorunması, karantin qaydalarına riayətin təşkili lazımı səviyyədə olmayıb.
Bildirilib ki, 20 nömrəli məktəb-liseyin düz 20 şagirdi və 15 müəlliminin “COVID-19” infeksiyasına yoluxması təsdiq olunub. Əlbəttə, heç kəs bu epidemiyadan sğortalanmayıb, lakin kütləvi hal yoxdursa, demək bu təhsil ocağının rəhbərliyinin fəaliyyətində də nöqsanlar olub ki, bu vəziyyət yaşanıb. Üstəlik, məktəbdə distant təhsilin müddəti uzadılıb.
KİV yazır ki, məktəbin direktoru Esmira Ağayevanı maraqlandıran öz mənfəətini güdməkdir. Amma istərsə İmişli hadisəsi, istərsə elə məktəbin virusa görə bağlanması nümunələri bir dərs olmalıdır ki, Ağayeva işinə diqqətli yanaşsın. Media xəbər verir ki, məktəbdə müxtəlif xeyli vəsait mənimsənilir.
Ən əsası 20 saylı məktəbin yuxarı siniflərində davamiyyət bərbad vəziyyətdədir. 10-11-ci siniflərdə təhsil formal xarakter daşıyır. Hər sinifdə 25-30 nəfərin adının getməsinə baxmayaraq, dərslərdə barmaqla sayılası şagird iştirak edir. Yerdə qalanlar isə repetitor yanına, yaxud müxtəlif kurslara gedirlər.
Pul demişkən iddia edilir ki, adları jurnalda olub, özləri dərsə gəlməyən şagirdlərin hər biri direktorun “büdcə”sinə gələn əlavə vəsaitdir.
Cumhuriyyet.net bildirir ki, 20 saylı məktəb-liseydə Müəllimlər Günü, 8 Mart Günü, o cümlədən ayrı-ayrı tarixlərdə pul yığılması adi haldır. Hətta bu azmış kimi direktorun ad günü üçün də müəllimlər arasında pul toplanıb ya özün verilir, ya hədiyyə alınır.
Belə iddialar var ki, indi də Zəfər Günü adı ilə pul yığmağa cəhd olunur. Guya kişilər bayramıdır və qeyd olunması üçün vəsait lazımdır. Ona görə valideynlər səsini çıxarmırlar.
Amma Esmira Ağayeva zəfərdən belə mənfəət güdür. İnanmaq istərdik ki, sosial şəbəkələrdə və valideynlər arasında yayılan bu informasiyalar yalandır. Hər halda direktorun bel iş tutacağı ağılasığmazdır. Buna görə məsuliyyətə cəlb olunmaq riski var.
Lakin yenə də Esmira Ağayevanın reaksiya verməsi, dilindən eşidilməsi daha yaxşı olardı. Ən azı haqqında səslənən bu ittihamların  yalan olduğunu bildirsin və susmaq heç də yaxşı təəssürat doğurmur.
Təhsil naziri Emin Əmrullayev bu dərəbəylikdən, cəngəllik qanunları ilə 20 saylı məktəb-liseyin idarə olunmasından xəbər tutsa, dərhal tədbir görməlidir.
Əgər nazir həqiqətən şəffaf iş gördüyünü, islahatlar apardığını cəmiyyətə sübut etmək fikrindədirsə, qeyd-şərtsiz addım atmalıdır, əks təqdirdə belə rəy formalaşacaq ki, nazirlik ya Esmira Ağayeva ilə əlbirdir, ya hesablaşır, ya da onun ciddi himayəçisi var.
Mətbuatda yayılan xəbərlərə görə, ümumiyyətlə, E.Ağayeva əvvəllər rəhbərlik etdiyi 214 saylı məktəbdə formalaşdırdığı idarəetmə sistemini burada da uğurla tətbiq edir. Məlumata görə sərs saatlarının, dərnəklərin paylanılması zamanı daha çox “əl əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət edən direktor müəllimlərin təcrübəsini, DQ ballarını nəzərə almadan hərəkət edir.
Məktəbin imkanlarını nəzərə almadan tətbiq etdiyi proqramlar nəticəsində sinif otaqlarında çatışmazlıq yaranır. Bu isə öz növbəsində məktəbdə “növbə probleminə” səbəb olur. Belə ki, məktəbdə sinif çatışmazlığından yaranan bu problemi yaradan elə direktorun özüdür. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın 150 min manat verdiyi də yayılan məlumatlar sırasındadır. Bu iddialarla bağlı məktəb rəhbərliyinin və nazirliyin açıqlamasını işıqlandırmağa hazırıq.
Cumhuriyyet.net
Tarix: 1-11-2021, 12:53
Xəbəri paylaş



Xəbər lenti