Son günlər bir qrup Qarabağ əlili Bakıda aksiya keçirir. Onlar oktyabrın 27-də yolu da bağlamışdılar. Aksiya iştirakçıları deyirdilər ki, Ziya Bünyadov prospektinin kənarında onlara məxsus obyektlər sökülüb. “Azərenerji” ASC isə həmin yerin qanunsuz tikildiyini və oranın yüksək gərginlikli hava xəttinin mühafizə zonasında yerləşdiyini bildirib. Veteranlar isə qeyd edir ki, onların başqa dolanışıq yerləri yoxdur.
Azərbaycanda Qarabağ müharibələri iştirakçılarının sosial təminatı necədir? Onlar dolanışıq üçün canlarını təhlükəyə atırlar?
“Süpürgəçi və bu kimi işlər…”
Qarabağ Qaziləri İctimai Birliyinin üzvü
Ayaz Qasımov AzadlıqRadiosuna bildirib ki, müharibə veteranları ciddi problemlərlə üzləşir:
“Əlilliyin təyin olunmasında çox böyük problemlər yaşayırıq. İş üçün müraciət edənlər olub, süpürgəçi və bu kimi işlər önəriblər. 10-15 şəhid ailəsi və qaziyə diqqət etməklə, qayğılarına qalmaqla işlərini bitmiş hesab edirlər. Əksər şəhid ailəsi və qazi qayğıdan kənar qalıb”.“17 min şəhid ailəsi və müharibə əlilinə…”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə “Turan”a deyilib ki, ötən il prezident sərəncamı ilə Qarabağ müharibəsində həlak olanların ailələri və müharibə əlillərinə verilən təqaüdlər orta hesabla iki dəfə artırılıb:
“İndiyədək təxminən 17 min şəhid ailəsi və müharibə əlilinə müavinətlər, sosial ödənişlər təqdim edilib”.Vurğulandığına görə, onların mənzillə təminat proqramı da ciddi şəkildə genişləndirilib: “Təkcə bu il 3 min ailəyə fərdi evlərin təqdim edilməsinə dair tapşırıqlar verilib. Bu günə qədər 1 min 700 şəhid ailəsi və müharibə əlilinə mənzil təqdim edilib. Müharibə qazilərinə avtomobillərin verilməsi proqramı da davam etdirilir. Cari ildə Vətən müharibəsində əlillik qazanan qazilərə 144 avtomobil təqdim edilib”.
Nazirlikdən bildirilib ki, dövlət dəstəyinin əsas prioritetlərindən biri də məşğulluq məsələsidir:
“Bu günədək həmin kateqoriyadan olan 7 min 800 nəfərdən çox vətəndaş məşğulluq tədbirlərinə cəlb edilib. Onların əksəriyyəti məhz özünüməşğulluq proqramı ilə əks olunub. Belə ki, 5 min 200 nəfərdən çox şəhid ailəsi və müharibə əlili özünüməşğulluq proqramı ilə təmin edilib”.“Bunların hamısı gözə kül üfürməkdir”
Hərbi ekspert
Üzeyir Cəfərov isə
bildirib ki, aidiyyəti qurumlar bu məsələdə, bir növ, reklamla məşğuldur: “Bunların hamısı gözə kül üfürməkdir. Bunu reklam etmək lazım deyil, çünki bütün bunlar məmurların şəxsi hesabına yox, dövlət vəsaiti hesabına olunur”.
Onun sözlərinə görə, hazırda yalnız İkinci Qarabağ müharibəsinin iştirakçılarının problemləri müzakirə olunur:
“Əlbəttə ki, 44-günlük müharibə, savaş, zəfər – bu, aydındır. Amma biz Birinci Qarabağ münaqişəsinin iştirakçılarını İkinci Qarabağ müharibəsinin iştirakçılarından ayırmaqla çox böyük səhvə yol veririk. O vaxt əlində silah olmaya-olmaya savaşırdılar…”.“Heç mənim nəvələrim bu növbəni görməyəcəklər”
O qeyd edib ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi 90-cı illərdən indiyə qədər növbədədir:
“Mənə Azərbaycan hökuməti torpaq sahəsi verəcək. Amma heç mənim nəvələrim bu növbəni görməyəcəklər, çünki bütün bunlar formaldır”.Azadlıq radiosu
Tarix: 30-10-2021, 10:55