“Düzəlib hər yarağı, qalıb saqqal darağı”(Azərbaycan ata sözü)Deyir, bir deputatımız var, Özbəkistana prezident seçkilərini müşahidə eləməyə gedib, oradan sosial şəbəkədə status paylaşıb, həmin statusda isə bir neçə sözləri səhv yazıbdır. Camaat düşüb bu yazığın üstünə. Söyən, təhqir eləyən, ağzına gələni yazan... Axırda deputat statusu silibdir.Birincisi, hamısını paxıllıqdan eləyirsiniz. Bu deputatın tərcümeyi-halına baxdım, haradasa 20 ildir bunu deputat qoyurlar. Nəyə görə, çünki hörmətli şeyximiz Allahşükür müəllimin dost-doğma qardaşıdır. Yəni o nə parlamentdir ki, orada mollanın da adamı olmasın? Olmalıdır. Qanunların fatihəsini vermək üçün. Seçiciləri kəfənləyib, duasını oxuyub basdırmaq üçün.
Əlbəttə, yaxşı olardı şeyxin özü deputat qoyulsun, təəssüf ki, bizim qanunlar buna icazə vermir - guya dövlət dindən ayrıdır, guya biz, türkün sözü, sekulyar dövlətik və sairə.
Sözümün canı odur ki, sizin hansısa sözləri düz yazmaq qabiliyyətiniz hələ hər şeyi həll eləmir. Ona qalsa bu dəqiqə Nəsimi adına Dilçilik İnstitutunda ana dilimizin orfoqrafiya lüğətini, yalan olmasın, əzbər bilən elmi işçilər var, lakin acından ölürlər, 300 manat maaş alırlar. Sənin cibin boşdursa, sözləri düz yazmağının nə ailənə, nə nəsil-nəcabətinə, nə xalqına bir faydası yoxdur. Çalışıb cibini doldur, sözlərin necə yazılmağı mənasız şeydir. Əsas odur pulun üstündə hansı rəqəmin yazılmasını biləsən. Manatla dolların, avro ilə rublun fərqini qanan adamlar millətə daha xeyirlidir, nəinki orfoqrafiyanı bilənlər. Camaat da tükü tükdən seçir, adətən savadlı adama yox, pullu adama hörmət edir. Bir dostumuz demişkən, əgər sənin adın Şamildirsə, pulun yoxdursa, kənddə camaat sənə “Şəmil” deyər. Yox, pulun çox olsa adını “Şamil müəllim” çağırırlar.
İkincisi, hələ mən uşaq olanda dəqiq yadımdadır, müəllimlərimiz bizə öyrədirdilər ki, sinifdə pis oxuyan yoldaşlarınıza hörmətlə yanaşın, çünki böyüyəndə onlar sizin müdiriniz, rəhbəriniz olacaqdır. İndi deputatımız də öylədir. Orta məktəbdə bəlkə heç oxumayıbdır, müsahibələrində deyir uşaq vaxtı atama qoşulub bazara alverə gedirdim. Sonra da harada ali təhsil alıb, bu da məlum deyildir. Guya Buxarada oxuyub. Özbəkistanda. Allah bilir, orada nə oxuyubdur. Mən özüm uşaq vaxtı Harvardın bağçasına getmişəm. İnanmayan daşa dönsün. Buyurun, yoxlayın.
Üçüncüsü, biz deputatın hansı sözləri səhv yazmasına diqqət eləməyə borcluyuq. Bu sözlər isə aşağıdakılardan ibarətdir: “Respublika, prezident, Azərbaycan, tərəfindən”. Necə səhv yazıb? Məsələn, prezidenti “prizident” kimi yazmışdır. Adam təmiz müxalifətçidir! Daha nə istəyirsiniz? Niyə ölkəmizdə müxalifətin olmasına dözmək istəmirsiniz? Normal, sivil dövlətlərin hər birində müxalifət vacibdir. Müxalifətsiz iqtidar, sarımsaqsız xaş kimi bir şeydir.
Bir versiya da var, mümkündür deputatın respublikamıza aid sözləri səhv yazması İran xüsusi xidmətlərinin əməliyyatıdır. Çünki şeyxin İranla əlaqələri uca millətimizə bəllidir. Bir dəfə Şuşada iranlı molladan sonra durub namaz qılmışdı. Savadlı adamlar demişkən, iyerarxiya (indi bunu da mən səhv yazam, yaman olar) baxımından şeyximiz özünü İrandakı hansısa mollanın tabeçiliyində sayır. Elmi dildə desək, onu təqlid eləyir.
İndi söz əlaqədar təşkilatlarındır - araşdırın, görək bu səhvlərin altından nə çıxır.
Tarix: 26-10-2021, 15:25