Azərbaycan Texnologiya Universitetində rektor Akif Süleymanov və oğlu Şamil Süleymanovun qanunsuz fəaliyyətlərlə məşğul olduğuna dair şikayətlər var. Şikayətçilər universitetdə aylardır hökm sürən mövcud problemləri açıq şəkildə söyləyən əməkdaşların ya rektor və oğlu Şamil Süleymanov tərəfindən ciddi təqiblərə, təhdidlərə məruz qaldığını, ya da işdən çıxarıldıqlarını iddia edirlər.Universitetin müəllim heyətindən
Pravda.az-a daxil olan şikayətlərə əsasən, bu ilin ilk aylarında insult keçirən rektor işdə olmadığı müddətdə onun oğlu Şamil Süleymanov istəklərini universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılovun əli ilə həyata keçirib, lakin bir müddət sonra Təhsil Nazirliyi buna imkan verməyib.
Şikayətdə qeyd olunub ki, nazirlik qanunsuz fəaliyyətdən xəbər tutub və nümayəndə göndərib. O, 4 aydır ki, universitetdədir. Uzun müddət görünməyən Akif Süleymanov Təhsil Nazirliyinin şöbə müdiri Yaşar Ömərovun universitetə ezam edilməsindən sonra işə çıxdığını elan edib. Proses zamanı rektorun keçirmək istədiyi elmi şuranın nazirlik tərəfindən ləğv edilməsi də müəmmalıdır.
Şikayətçilərin dediyinə görə, “ikinci rektor” Şamil Süleymanov bir müddət sonra nazirliyin baş verən özbaşınalıqlara ciddi reaksiya vermədiyini görüb və daha da irəli gedib. Ş.Süleymanov özünü "rektor" təyin etməklə yanaşı, eyni zamanda "prorektorlar" da təyin edib. Nicat Ağayev, Babək Həsənov, Mətanət Əhmədova və qohumu Bəylər Mirzəyev Şamil Süleymanov tərəfindən təyin edilmiş "prorektorlardır".
Bildirilib ki, rektor Akif Süleymanov təxminən 2 həftəyə yaxındır ki, universitetə gəlir.
“O, yeriyə bilmir. Cəmi iki-üç saat işləməyə gücü çatan rektor əməkdaşların köməyi ilə təkrar evinə aparılır. Təhsil Nazirliyindən xahiş edirik ki, ulu öndərin böyük xəyallarla yaratdığı bu müəssisəni qorusun. Azərbaycan Texnologiya Universitetini ata və oğulun öz mənafelərinə və şəxsi prinsiplərinə görə məhv etməsinə imkan verməyin”, - deyə şikayətdə qeyd olunub.
Mövzu ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətindən
Pravda.az-a bildirilib ki, şikayətdə qeyd olunanlar həqiqəti əks etdirmir: “Azərbaycanda universitet rektoru Prezidentin sərəncamı ilə təyin edilir. Kiminsə, yaxud kimlərinsə özünü hüquqi əsası olmadan rektor elan etməsi, adlandırması və belə bir düşüncədə olması gülünc və absurd səslənir. Universitet prorektorları isə Təhsil Nazirliyi tərəfindən təyin edilir. Rektorun ailə tərkibinin idarəetmədə iştirakı tamamilə əsassız məlumatdır. Adları çəkilən universitet əməkdaşlarının hər birinin öz səlahiyyət və vəzifələri var”.
Tarix: 25-10-2021, 16:57