“Mahmudov və 40 quldur” seriyasından: iş adamından 2 milyon dolların qoparılması...



Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş və hazırda törətdiyi əməllərə görə məhkəmədə mühakimə olunan  general-mayor Mövlam Şıxəliyev, idarənin əməkdaşları polkovnik Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun əməllərindən zərərçəkənlərdən biri də iş adamı Nizami Kazımovdur.

İstintaq sənədlərinə görə, mütəşəkkil dəstə üzvlərinin hədə-qorxu gəldikləri, şantaj yolu ilə 2 milyon manat pulunun əlindən alındığı Nizami Kazımov biznes fəaliyyəti ilə məşğul olub. O, ifadəsində 1992-ci ildə Naxçıvandan Bakıya köçdüyünü, sahibkarlıqla məşğul olduğunu, Rusiyadan və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək topdan satışını təşkil etdiyini deyib.
2008-ci ilin oktyabrında telefonuna tanımadığı nömrədən zəng gəlib, bu naxçıvanlı iş adamı üçün əsl əcəl zəngi idi. Çünki onu  Milli Təhlükəsizlik Nazirliyinə çağırırdılar. Kazımovu nazirliyin 6-cı mərtəbəsinə, 2-ci şöbənin rəisi Vüsal Ələkbərovun xidməti otağına aparıblar. Əvvəlcə  N.Kazımovdan “Texnikabank”ın Bakı filialına qoyduğu 1 milyon 120 min dollar barədə soruşublar: “Çox aqressiv danışdı, kürəkənim Samir Əbdülqasımovun adına əmanət qoyduğum vəsait barədə soruşdu. Mən də o məbləği kürəkənimin xərcləməsi üçün qoyduğumu dedim”.
Çox keçməyib ki, N.Kazımov dələduzluqda ittiham olunaraq  barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Həbsdə olduğu müddət ərzində V.Ələkbərov onu dəfələrlə qəbul edib, cinayət işinə xitam verilməsi üçün 3 milyon dollar tələb edib.

 “Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girib, kürəkənimin adına qoyduğum pulu mənimsədiyimə görə tutuldum. Barəmdə olan cinayət işinə xitam verilməsi üçün Vüsal Ələkbərov 3 milyon dollar tələb etdi. Hər dəfə ona bu məbləğdə pulu verməyə imkanım olmadığını deyirdim. Vüsal Ələkbərov rəhbərliyin göstərişinin belə olduğunu, əks təqdirdə 8 ildən 12 ilədək cəza alacağımla hədələyirdi”, – zərərçəkənin ifadəsində belə deyilir.
Həbs ediləndən təxminən 15-20 gün sonra biznesmeni İstintaq Baş İdarəsinin rəisi M.Şıxəliyev öz xidməti otağına çağırtdırıb, qeyd olunan məbləği tələb edib: “Ödəməyə imkanım olmadığını dedim. Mövlam Şıxəliyev məni 8 ildən 12 ilədək cəza alacağımla hədələdi. Heç cür imkanım olmadığını söylədim. Bundan sonra Vüsal məndən 2 milyon dollar istəməyə başladı. Bu məbləği də ödəyə bilməyəcəyimi dedim”.

Sahibkarın həbsindən ay yarım keçdikdən sonra M.Şıxəliyev onu yenidən öz xidməti otağına çağırtdırıb, hədə-qorxu gəlib, tələb olunan məbləği verməyəcəyi təqdirdə başına torba geyindirib “maskalılar”ın yanına apartdıracağı ilə hədələyib. Amma iş adamı pulu ödəməyə razı olmayıb.
Bir müddət sonra biznesmenin səhhətində ciddi problemlər yaranıb, şəkər xəstəliyinə tutulub. Özünü yaxşı hiss etməyən, təhdidlərin cana yığılan iş adamı sonda 2 milyon dolları “ödəmə”yə razılaşıb: “Amma pulun hamısını birdəfəyə ödəyə bilməyəcəyimi dedim. Bir hissəsini ödəyərək azadlığa buraxılmağımı, yerdə qalanı isə müəyyən vaxt ərzində toplayıb verəcəyimi dedim. Vüsal da dedi ki, rəisə deyim, razılıq versə sənə deyərəm”.
Zərərçəkmişin ifadəsinə görə, növbəti gün Vüsal Ələkbərov onu xidməti otağına gətirib, “rəis”in razılıq verdiyini, 1 milyon dollar gətirdikdən sonra həbsinin ev dustaqlığı ilə əvəz ediləcəyini, yerdə qalan məbləğ ödənildikdən sonra isə cinayət işinə xitam veriləcəyini söyləyib. V.Ələkbərovla razılaşdıqdan sonra iş adamı qudası Tahir Əbdülqasımova (“Çanaqqala” restoranın sahibi-red.) məktub yazaraq qohum-əqrəbadan 1 milyon dollar yığıb çatdırmağı xahiş edib. Çox keçməyib ki, kürəkəni S. Əbdülqasımov qaynatasına məxsus avtomobilləri bazar qiymətindən aşağı qiymətə sataraq 250 min dollar düzəldə bilib. Pulun yerdə qalan hissəsini isə qudası T.Əbdülqasımov əlavə edib.

N.Kazımovun qudası, kürəkəni, sürücüsü pulu götürüb MTN-in binasının yanına gəliblər. Elə həmin gün də iş adamı nazirliyin istintaq təcridxanasından evə buraxılıb: “Vüsal məni yanına çağırıb Samirdən 1 milyon dollar aldığını, məni buraxacağını, məhkəmədən ev dustaqlığı qərarı ala biləcəyini dedi. Həmin gün təcridxanadan buraxıldım. Vüsal mənə dekabrın 4-də, saat 12.00-da nazirliyin binasında olmağımı tapşırdı. Vüsalın dediyi saatda MTN-ə gəldim. Vüsal barəmdə başqa yerə getməmək barədə iltizama imza etdirdi. Mənə qalan 1 milyon dolları da 4-5 ay ərzində taparaq verməyimi şərt qoydu”.
Zərərçəkmişin ifadəsinə görə, təxminən iki ay sonra V.Ələkbərov ona zəng vurub. Axşam saatlarında “Qələbə dairəsi” deyilən yerdə V.Ələkbərovla görüşüb dost-tanışlarından borc aldığı 280 min dolları ona verib.
İş adamı bildirir: “Aprel ayında qeyd etdiyim ərazidə Vüsal Ələkbərovla təklikdə görüşdüm, ona 300 min dollar, may ayının sonlarında MTN-in binasının yaxınlığında 700 min dollar verdim. Tələb olunan 1 milyon dolları ona ödədim. Hətta sonuncu dəfə pul verəndə Vüsal Ələkbərov məni öz xidməti otağına dəvət etdi, çay içib, söhbət etdik. Aramızda yaranmış narazılığa görə mənim könlümü almaq istədi. Bütün pulu ödədikdən sonra zəng edərək barəmdə olan cinayət təqibinə xitam verildiyini dedi, qərarı götürməyə çağırdı. Mən də gedib qərarın sürətini götürdüm”.
Qeyd edək ki, general M.Şıxəliyev ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir, ayrı-ayrı epizodlar üzrə danışarkən zərərçəkənlərin heç birini şəxsən tanımadığını, onlardan pul almadığını, yaxud pul almaq üçün öz işçilərinə göstəriş vermədiyini deyib. Üstəlik bu günlərdə məhkəmədə istintaqı ələ salmışdı və ittiham aktında yazılanları “bədii əsər” adlandırmışdı...
Tarix: 24-10-2021, 23:51
Xəbəri paylaş



Xəbər lenti