Cahangir Əsgərov
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun mühakiməsi davam edir.
Bizimyol.info xəbər verir ki, oktyabrın 11-də İlqar İsmayılovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmədən sonra iş adamının səhhəti pisləşib. Vəziyyət o həddə çatıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təcili tibbi yardım çağırılıb. Tibbi yardım göstərildikdən sonra iş adamının durumu nisbətən yaxşılaşıb.
İlqar İsmayılovun işi üzrə məhkəmə araşdırmaları yekunlaşmaq üzrədir. Artıq şahidlərin dindirilməsi mərhələsi yekunlaşıb.
İlqar İsmayılov
İlqar İsmayılovun vəkilləri ötən məhkəmə iclasında "İdeal Kompani"də mühasib işləmiş Samirə Quliyevanın əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırmışdı Hakimlər vəsatəti təmin etmişdi.
İlqar İsmayılovun şirkətin xəzinəsinə 2 milyon manat mədaxil etdiyini təsdiqləyən qəbzlərdə mühasibin imzası var. O da bundan əvvəl məhkəmədə dindiriləndə imzaların ona məxsusluğunu təsdiqləyib.
Məhkəmə qərar verib ki, Samirə Quliyeva növbəti məhkəmə iclasına da çağırılsın.
Daha sonra məhkəmədə sənədlərin tədqiqinə başlanıb. İlqar İsmayılov haqqında 2017-ci ildə başlanmış, 2018-ci ilin yanvarında xitam verilmiş cinayət işi ilə bağlı sənədlər elan olunub. O sənədlərdən məlum olur ki, həmin vaxt da iş adamı "İdeal"ın xəzinəsindən mənimsəmədə ittiham olunub. Lakin audit rəyi əsasında cinayət işinə xitam verilib. Rəy İlqar İsmayılovun şirkətin direktoru olduğu 2016-cı ilə qədərki dövrü əhatə edib. Audit rəyində qeyd olunub ki, cəmi 46 min manatlıq kənarlaşma aşkarlanıb. Həmin məbləğ də İsmayılov tərəfindən şirkətə ödənilib. Ona görə də cinayət işinə xitam verilib.
Vəkillər bildirib ki, İlqar İsmayılovun direktor olduğu 2006-2016-cı illərlə bağlı araşdırma aparılıb, hüquqi qiymət verilib. Lakin indiki halda, yenə də o, eyni dövr üzrə eyni əməldə ittiham olunur və bu da qanuna ziddir. Çünki qanun şəxsin eyni əmələ görə iki dəfə cəzalandırılmasını qadağan edir.
Hakim bildirib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.
Daha sonra iş materiallarında olan sənədlər, o cümlədən "İdeal"ın xəzinəsindən pul çıxarılması haqda məxaric qəbzləri elan edilib. Məlum olub ki, o vəsaitləri İsmayılovun çıxardığı iddia olunsa da, sənədlərdə onun imzası yoxdur.
İş adamı həmin vəsaitləri şirkətdən götürmədiyini, imzası olmayan qəbzlərin də saxta olduğunu bildirib.
Proses oktyabrın 18-də davam edəcək.
İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.
AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.
Bizimyol.info
Tarix: 11-10-2021, 23:35