İcra başçısının bacısı oğlu həbsdən buraxıldı


İcra başçısının bacısı oğlu həbsdən buraxıldıİradə Gülməmmədova

Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, o cümlədən icra başçısı İradə Gülməmmədovanın bacısı oğlunun məhkəməsi yekunlaşıb. Sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən 9 nəfərdən 7-si, o cümlədən icra başçısının bacısı oğlu Babək Zalıyev məhkəmə zalından azadlığa buraxılıb. Onlara şərti cəza verilib.
İki nəfərə isə uzunmüddətli həbs cəzası kəsilib. Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.
Lakin 9 nəfərin hamısı Abşeron rayonu ərazisində tikinti-inşaat işlərinə icazə verilməsi, qanunsuz tikililərin sökülməməsi və başqa məqsədlərlə vətəndaşlardan rüşvət almaqda təqsirli bilinib. Təqsirləndirilən şəxslərdən bir çoxunun əmlakları, o cümlədən Mehdiabad, Qobu və s. yerlərdə olan torpaq sahələri müsadirə olunub. Hökm oxunmamışdan əvvəl məhkəmədə son sözünü deyən Akif Əliyev sifarişlə həbs olunduğunu iddia edib.
“Məhkəmədə də mənə qarşı ittihamlar sübuta yetirilmədi. Bir adam demədi ki, mənə pul verib. Xahiş edirəm, məni sifarişli həbsdənazad  edib, bəraət hökmü çıxarasınız...”,- deyə Akif Əliyev bildirib.
6 il həbs cəzası alan Murad Əhmədov isə son sözündə ona yüngül cəza verilməsini xahiş edib.
2020-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir sıra şəxslər həbs olunub.
İcra başçısının bacısı oğlu Babək Zalıyev istintaq dövründə də həbsdə olmamışdı. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində ilk hazırlıq iclasında o, həbs edilmişdi.
Tarix: 17-09-2021, 23:15
Xəbəri paylaş



Xəbər lenti