Bakıda “Sahil - S İnşaat” MTK adlı bir dələduz firma peyda olub və sakinlərin aylardır etdiyi müraciətlərə respublikanın Baş Prokuroru Kamran Əliyev susqunluq nümayiş etdirməkdədir. Şirkətin rəhbəri Taley Allahverdiyevin fırıldaqçılığı, satılan mənzillərlə bağlı kələyi, vergidən yayınması və digər özbaşınalıqlar haqda Baş Prokurora, o cümlədən digər orqanlara məlumat verilsə də, sakinlər heç bir müsbət reaksiya ala bilmirlər.
Anaxeber.info bildirir ki, “Sahil - S İnşaat” MTK Yeni Günəşlidə bina inşa edib, mənzilləri satıb, amma təhvil vermir, tikintini başa çatdırmır, bu azmış kimi, indi bağlanan müqavilələrə xitam verərək yeni qiymətlər müəyyən edir.
Sakinlər isə onların aldadılması ilə bağlı Baş Prokurora müraciətlər ünvanlasa da, K.Əliyev “tükünü tərpətmir”.
Halbuki, cənab Baş Prokuror hələ Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəisi olduğu dövrdə onlarla dələduz tikinti firmalarına cinayət işi açmışdı. Amma “Sahil - S İnşaat” MTK və sahibi Taley Allahverdiyevə batmaq olmur.
Buradan iki ehtimal çıxarmaq mümkündür: ya şirkət sahibini himayə edən güclü qüvvələr var, ona görə Baş Prokuror işə qarışa bilmir, ya da T.Allahverdiyev kimlərisə “görüm-baxım” edərək məsuliyyətdən yayınır, istədiyi qanunsuzluğa yol verir.
Odur ki, həm sakinlərə qarşı fırıldağa yol verib, həm vergidən yayınır, həm də müqavilənin şərtləri pozur, götürdüyü öhdəliyi yerinə yetirmir. Əslində, dəfələrlə açıqlanan faktlar kifayət etməliydi ki, şirkət rəhbəri barəsində araşdırma başladılsın.
Bir: mənzillərin təxminən 97 faizinin sahibi var. Onlar bildirirlər ki, az sayda satılmamış mənzillər qalıb. Lakin T.Allahverdiyev mənzillərin çoxunun satılmadığını deməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini aldadır və vergidən yayınır. Payçıları aldatmağı azmış, dövlətə də kələk gəlmək istəyən şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var.
İki: şirkətdən bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir.
Ancaq bu faktlar mediada tirajlanır, Baş Prokurorluğa və Vergi Xidmətinə elektron məktubla göndərilir, dövlət orqanları sükutla qarşılayır. Bəs, bu qədər vətəndaşın taleyi necə olsun? Bəs, bu insanlar hansı dövlətdən kömək istəsinlər?
Bir dələduz əlində qalıblar və müvafiq orqanlar reaksiya vermirlər. Məgər məhkəmə-hüquq sistemində islahatlar budur? Prezidenti və xalqı aldatdığınızı hesab edirsiniz?
Nə üçün Baş Prokuror Kamran Əliyev yüzlərlə sakini çöllərdə qoyub, pullarının batmasına göz yumur? İnandırıcı görünmür ki, şirkətin onunla hər hansı bağlantısı var. O zaman araşdırılsın, istintaq hərəkətləri aparılsın, müharibədən qalib çıxan ölkənin vətəndaşları əzilmiş deyil, başıuca olsunlar.
Sakinlər qeyd edirlər ki, K.Əliyevin tapşırığı ilə araşdırma başladılsa, prokurorluq orqanları MTK rəhbərini qandallayıb aparmalı olacaqlar.
Çünki onun fəaliyyəti başdan ayağa kələkdir, qanun pozuntusudur. Heç bir tikinti firması imzaladığı müqaviləni pozub yenidən qaydalar müəyyənləşdirə bilməz.
Əgər prokurorluqda hansısa vəzifəli şəxs şirkəti himayə edirsə, o halda vətəndaşlar agah olsunlar, işlərini bilsinlər. Amma belə deyilsə, K.Əliyevdən böyük gözlənti və ümid var.
Tikinti şirkəti tərəfindən süründürülən sakinlərdən biri də Anaxeber.info-nun baş redaktoru Azər Talıbovdur və o, K.Əliyevdən xahiş edir ki, müraciətə baxılsın. Onun sözlərinə görə, sakinlər Baş Prokurorluq qarşısına gəlməyə hazırlaşır.
Eyni zamanda, Prezident Administrasiyasına, Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə müraciət edilməsi nəzərdə tutulur. Sakinlər gözləyirlər ki, baş prokurordan müsbət cavab gələcək.
Əgər olmasa, Prezidentə müraciət ediləcək. Bu da K.Əliyevin yerində olmadığı və vətəndaşların müraciətlərinə baxmadığı qənaəti yaradacaq. Hər halda prokurorluq bu cür etimadsızlıq yaranmasını arzulamazdı.
A.Talıbov isə bildirir ki, şirkət binanı təhvil vermir, insanlar evlərinə köçə bilmirlər: “Biz müqavilə bağlamışıq, mənzil almışıq, kimisi nağd, kimisi kreditlə razılaşıb. Mənzil alanlar da sevindi ki, bir yuvamız oldu, hardan biləydik belə fırıldaq varmış. Nə mənzillərin açarları verilir, nə tikinti bitir. İndi də şirkət deyir ki, bəs bilməmişik, mənzilləri ucuz qiymətə satmışıq, ona görə müqaviləni pozub təzə qiymətlə satırıq. Bu, dünyanın harasında görünüb? Tam qanunsuzluqdur. Biz cənab Kamran Əliyevdən xahiş edirik ki, məsələ araşdırılsın”.
Tarix: 10-09-2021, 10:00