Deputat oğlunun ötən il Londonda açdığı şirkət ləğv olundu – 2,5 milyon borcu var… – FOTOFAKT


Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadə tərəfindən ötən ilin fevral ayının 13-də Londonda təsis olunan “Marketing Sole Project Ltd” adlı şirkət 15 gün əvvəl – 24 avqust 2021-ci il tarixində ləğv olunub.
Yeniavaz.com
Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, “Marketing Sole Project Ltd” adlı şirkət  “27 Old Gloucester Street, London, WC1N 3AX” ünvanında qeydiyyatda olub və 1989-cu il təvəllüdlü Orxan Quluzadə şirkətin yeganə rəhbəridir.
Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan digər bir məlumatda isə qeyd olunur ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi digər bir şirkətin - “Ugano Limited” şirkətinin isə borcları artıb.
“Ugano Limited” şirkətinin öhdəliyi (Total Liabilities) 1 milyon 65 min 787 funt-sterlinqə (2,5 milyon manat) yüksəlib.
Açıqlanan rəsmi məlumatda bildirilir ki, “Ugano Limited” şirkətinin ümumi öhdəliyi ötən il 1 milyon 28 min 5 funt-sterlinq (o zamankı məzənnə ilə 2,3 milyon manat) olub. Son bir ildə şirkətin borcları 37,8 min  funt-sterlinq artıb.
Məlumat üçün bildirək ki, “Ugano Limited” şirkəti 28 avqust 2007-ci ildə İngiltərədə qeydiyyatdan keçib. Orxan Quluzadədən əvvəl “Ugano Limited” şirkətinə 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı rəhbərlik edib. 2010-cu ildən sonra şirkətə Azərbaycan vətəndaşı Aynur Quliyeva (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) rəhbərlik edib.

A. Cəfərov
Tarix: 10-09-2021, 08:36
Xəbəri paylaş



Xəbər lenti