"Birbaşa ikinci kursa keçdim, birinci kursa görə isə 2000 istədi"- Universitetdəki yeyinti



Bakı Slavyan Universitetində tələbələrin təhsil haqqının yeyintisi ilə bağlı məhkəmə araşdırması davam edir. Təqsirləndirilən şəxs hazırda həbsdə deyil.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.
Məhkəmə prosesində ittiham aktı elan edilib. İttihamda göstərilir ki, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-ci ildən 2021-ci ilə qədər 123 tələbədən təhsil haqqı ödənişləri adı ilə 226 min manat pul alıb. Məhkəmədə zərərçəkmiş tərəf kimi universitet tanınıb.
D.Əliyev deyib ki, özünü ancaq cinayəti bilib xəbər verməməkdə təqsirli bilir. Bununla da cinayət əməlinin universitetin vəzifəli şəxsləri tərəfindən törədildiyinə eyham vurub. Belə ki, D.Əliyeva tələbələrdən pulun alınmasından, onların aldadılmasından xəbərdar olub, amma rəsmi qurumlara müraciət etməyib.
Sonuncu prosesdə məlum olub ki, sabiq şöbə müdiri özü təqsirli bilmir. O deyib ki, dələduzluq, mənimsəmə, rüşvət verməyə təhrik kimi ittihamların heç birini qəbul etmir: "Özümü yalnız cinayəti bilib, xəbər verməməkdə təqsirli bilirəm, bu ittihamları isə qəbul etmirəm".
Təqsirləndirilən Əliyeva deyib ki, şahidlər dindiriləndən sonra özü ifadə verəcək.
Daha sonra məhkəmədə D.Əliyevaya pul verdiyini iddia edən şahidlər dindirilib.
Övladları ilə birlikdə eyni liseydə təhsil aldığına görə Əliyevanı tanıdığını deyən Afaq Qaybalıyevanın sözlərinə görə, özü Sabir adına texnikumda təhsil almışdı. Bu universitetdə də ali təhsil almaq qərarı verib: "Dürdanə xanım mənə sənədlərin siyahısını verdi. Ona iki dəfəyə 4 min manat pul vermişəm".
Qaybalıyeva sonradan öyrənib ki, adı rəsmi sənədlərdə yoxdur. Bu üzdən ona verilən tələbə biletinin də hüquqi qüvvəsi yoxdur. Bunu biləndən sonra universitetin rektoru Nurlana Əliyevanın qəbuluna getmək qərarına gəlib: "Dürdanə xanım dedi ki, Nurlana xanım məsələdən məlumatlıdır. O, heç bir halda, özbaşına möhür vura bilməz. Onu da bildirdi ki, alınan pullar Nurlana xanıma çatacaq. Məndən 3 ilin təhsil haqqı kimi 4000 manat alınmışdı".
İlk ali təhsilini Azərbaycan Pedaqoji Universitetində almış başqa bir şahid Elnarə Hüseynova deyir ki, Bakı Slavyan Universitetində ikinci təhsil üçün gələndə onu Əliyevanın yanına yönləndiriblər. Şahidin sözlərinə görə, şöbə müdiri ona birbaşa ikinci kursda oxuyacağını deyib. Oxumadığı birinci kursa görə isə əlavə 2000 manat istəyib.
"Ona 2000 manatı öz kabinetində verdim. İki dəfəyə də 4000 manat məbləğində pulu bank hesabına köçürdüm. Pulu köçürəndə gördüm ki, universitetin yox, Dürdanə Əliyevanın şəxsi hesabıdır. Dürdanə Əliyeva bunu belə izah etdi ki, universitetin bank hesablarında texniki problem var. Verdiyim pulun 2000-i universitetə köçürülüb. Ona görə universitetə indi də 4000 manat borcum var".
Başqa şahidlər də sabiq şöbə müdirinə təhsilhaqqı adıyla pul verdiklərini, lakin həmin pulların əksər hissəsinin universitetə köçürülmədiyini söyləyiblər. Şahidlərin sözlərinə görə, universitetə borclu olmaları haqda xəbərdarlıq alandan sonra pulun köçürülmədiyini biliblər.
Dürdanə Əliyevaya qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərini sui-istifadə və vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb. Sabiq şöbə müdiri həbsdə deyil, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, D.Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olub. İttihama görə o, uzun müddət işlədiyi universitetdə 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi vəsaitləri mənimsəyib. Bu cinayət işi 2021-ci ilin yanvar ayında BSU tələbələrinin Baş Prokurorluğun “Qaynar Xətt”inə şikayətləri əsasında başlanıb. Tələbələr ödədikləri təhsil haqqının mənimsənildiyini iddia ediblər.
Tarix: 6-09-2021, 21:36
Xəbəri paylaş



Xəbər lenti