“Atam Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə ziyarət edib. Daha sonra mütəmadi olaraq fərqli illərdə də ziyarəti olub. Sonuncu dəfə 8 iyul 2014-cü ildə Şahbaz Quliyevlə gedəndə Şahbaz Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq erməni əsgərləri tərəfindən girov götürülüb”.
Bu sözləri Axar.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, bundan sonra erməni yaraqlıları Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb: “Şahbaz Quliyev tutulan kimi Dilqəm Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır.
11 iyulda atışma zamanı Həsən Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub. Tutulduqdan sonra Şahbaz Quliyev ermənilərə hər şeyi danışdığına görə atam həbsxanada onunla eyni kamerada qalmaq istəməyib. Atam onların əsir düşməyində və Həsən Həsənovun öldürülməsində günahı Şahbaz Quliyevdə görür. Şahbaz Quliyevin ucbatından 7 il qanunsuz işgəncələrə məruz qalıb”.
Qeyd edək ki, son günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyev arasındakı mübahisələr böyüməkdə davam edir. Dilqəm Əsgərov Moderator.az-ın əməkdaşının H.Həsənovun necə öldürülməsi ilə bağlı sualına “Bunu Şahbaz Quliyevdən soruşun” cavabını verib və deyib: “Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun”.
İllərlə erməni əsirliyində qalmış və nəhayət, qəhrəman əsgərlərimizin Qələbə çalması ilə azadlıqlarına qovuşan bu iki şəxsin indi bir-birini ittiham etməsi nə dərəcədə düzgündür?
Peşəkar jurnalist, bu günlərdə Cəbrayıldakı ata ocağının dağıntılarını böyük kədərlə ziyarət etmiş Seymur Verdizadə bu qarşılıqlı ittiham davasının artıq çox uzandığını və Dövlət Təhlükəsizliyi Xidmətinin məsələyə müdaxilə etməli olduğunu düşünür:
- Yeddi il eyni taleyi bölüşən, eyni əzab-əziyyətlərə, eyni işgəncələrə məruz qalan adamlar arasında bu cür insidentin baş verməsinə görə təəssüf edirəm. Həm Dilqəm Əsgərov, həm də Şahbaz Quliyev yaşlı-başlı, təcrübəli adamlardır. KİV-də "atışmaq" vəziyyətdən çıxış yolu deyil. Dilqəm Əsgərov və oğlu qarşı tərəfin ünvanına kifayət qədər ciddi ittihamlar səsləndirib. Bu ittihamlar çoxsaylı şübhələrə yol açıb. Dilqəm Əsgərov sağdır, amma Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib.
Əsgərovlar mərhum Həsən Həsənovun öldürülməsində Şahbaz Quliyevi günahlandırırlar. Bu iddialar nə dərəcədə doğrudur? Doğrudanmı, Həsən Şahbaz Quliyevin satqınlığı nəticəsində öldürülüb?
Təkcə Həsən Həsənovun ailə üzvlərinin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bu sualın cavabını bilməyə haqqı var. Həqiqəti isə jurnalistlər deyil, hüquq-mühafizə orqanları üzə çıxarmalıdır. Əgər Dilqəm Əsgərovun əlində faktlar varsa, mütləq DTX-yə müraciət etsin. Bu məsələ DTX tərəfindən araşdırılmalıdır. Bəlkə kimlərsə məqsədli və məkrli şəkildə bu iki şəxsi üz-üzə qoyur? Məqsəd də Azərbaycanı gözdən salmaqdır. Ona görə də hesab edirəm ki, DTX mütləq müdaxilə etməlidir.
S.Verdizadə qeyd edib ki, şəxsən Şahbaz Quliyevin yerində olsaydı, DTX-yə müraciət edərdi:
- Mən Şahbazın yerində olsaydım və günahsızlığıma da əmin olsaydım, Dilqəm Əsgərovu gözləmədən özüm DTX-yə müraciət edərdim. Şahbaz bu ağır ittihamın yükünü ömür boyu çiynində daşımamalıdır.
Heç bir günahı yoxdursa, mütləq hüquqi müstəvidə hərəkətə keçməlidir. Ox yaydan çıxıb. Yəni geriyə dönüş yoxdur.
Tarix: 16-04-2021, 14:16