Prezidentin 18 mart 2021-ci il tarixli son Əfv Sərəncamı ilə ömürlük çəzası 25 illə əvəzlənən Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş İcra Başçısı Aslan Aslanovun oğlunun ölümündə günahlandırılan Vüqar Əliyevin cəzaçəkmə müəssisəsi dəyişdirilib. Vüqar Əliyev “Qobustan” Qapalı Həbsxanasından 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməli idi. Ondan COVİD-19 testi götürülüb nəticə neqativ olsa da, məhbus Pentensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə aparılıb. Bu barədə azadliq.info-ya Vüqar Əliyevin anası Məlahət İsmayılova məlumat verib. “Tubzon” adlanan həmin müəssisənin adının neqativ məsələlərdə hallandırıldığından məhbus anası narahatçılığını bildirib. Aslan Aslanov vəzifədə və həyatda olmasa da, onun oğlu Turqay Aslanovun Ədliyyə Nazirliyində işlədiyini bildirən ana, oğluna qarşı hansısa gizli planların qurulması ilə bağlı şübhələrinin olmasını deyib. Məlahət İsmayılova bu məsələnin ictimailəşdirilməsi ilə oğlu Vüqar Əliyevə qarşı hansısa təxribatın qarşısının alınacağını düşünür və mediadan məsələnin araşdırılmasını xahiş edib. İstirahət günü olduğu üçün Pentensiar Xidmətdən məsələnin təfərrüatını öyrənmək cəhdimiz alınmadı. Buna baxmayaraq Pentensiar Xidmətin münasibət bildirmək hüququnu da dərc etməyə hazırıq. azadliq.info