Vətəni 1500 dollara satmaq - AXI NİYƏ?!


Vətəni 1500 dollara satmaq -   AXI NİYƏ?!
İndi biz Ermənistan hökumətinə təşəkkür etməliyik, ya yox?
 
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
 
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
 
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
 
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
 
44 günlük müharibə dövründə, elə 30 illik Qarabağ uğrunda unformasiya savaşı dövründə də biz onlara, onlar da bizə qarşı kefimiz istəyəni yazdıq - savaşdıq. Yazdıqlarımız bəzən elə xəbərlər olurdu ki, müharibə alovu, eyforiyası sönəndən sonra oxuyanda  elə özümüzün də gülməzyimiz gəlirdi. Yəqin ermənilərdə də belə idi. Nə etmək olar? Bu, müharibədir, müharibədə isə bütün vasitələr keçərlidir.
 
Müharibədən sonra həm biz, həm də onlar real həyata qayıtıq: biz hər vəchlə onları ağlar günə qoyduğumuzu sübut etməyə çalışır, onlar da bizim zərbələrimiz qarşısında duruş gətirdiklərini, məğlub olmadıqlarını, revanş götürəcəklərini isbatlamağı hədəf götürüblər. Onlar müharibəni bizə yox, türklərə uduzduqlarını söyləyir, biz də onları həmişə olduğu kimi, Rusiya hərbçilərinin kölgəsinə sığınmaqla həyatda qalmaqda ittiham edirik.
“Topçu”nu niyə topa tutdunuz –     AXI NİYƏ?!
Onlar deyir ki, tezliklə bərpa olunub, ən azı keçmiş “DQMV”-nin administrativ sərhədlərini bərpa edəcəklər. Biz isə onlara dəyən “Dəmir yumruq”dan sonra çətin özlərinə gələcəklərini deyirik. Kimin nə qədər haqlı olduğunu tarix, özü də yaxın tarix göstərəcək.
 
Amma bu günlərdə erməni mətbuatından oxuduğum bir xəbər məndə tam əminlik yaratdı ki, “Dəmir yumruq” erməniləri yaman tutub və bir ölkə kimi onu vətəndaşlarının gözündə qiymətdən salıb. Ermənilər öz dövlətlərini daha əvvəlki kimi sevmirlər və onu çox ucuza satmağa hazırdırlar. Absurd səslənsə də, mən hesab edirəm ki, biz buna görə mövcud Ermənistan hökumətinə təşəkkür etməliyik. Axı niyə belə düşünürəm?! İzah edim.
 
Yox, oxucuda izahımın məğzi AzTV-nin qonaqları tipli izahlarla eyni olmayacaq. Biz qalibik, düşmənin belini qırdıq-filan tipli dəfələrlə deyilmiş patriotik hayqırtılardan uzaq adamam. Məsələ tam başqa cürdür.
 
Bu dünyada hər şey satılır, sadəcə hərəsinin öz qiyməti var – belə bir məşhur ifadə var. Amma bu deyim bəzi məqamlarda həqiqətdən çox uzaq olur. Dərinə gedəndə Vətəni satmaq yəqin ki, ağlımıza gələn ən nakişi və şərəfsiz alver predmetidir, amma bunu edənlər də, təəssüf ki, hər dövlətdə olub, var. Sözügedən xəbərdə də Vətəni satmaqdan söhbət gedir, amma daha belə ucuza yox da...
 
Beləliklə erməni mətbuatı yazır:
 
“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi, dövlətə xəyanət faktı üzrə başlanan cinayət işinin ibtidai istintaqını başa çatdırdı. Qurumun mətbuat mərkəzindən bildirildiyi kimi, təqsirləndirilən əvvəllər dəfələrlə Türkiyədə olmuş Ermənistan vətəndaşı olan şəxsin bu ölkədə Azərbaycan kəşfiyyat xidmətinin nümayəndələri tərəfindən “verbovka” edildiyi məlum olub.
 
Daha sonra daimi yaşayış yerinə qayıtdıqdan sonra Ermənistan vətəndaşı, Türkiyədə yaşayan bir tanışı vasitəsilə mobil telefon nömrəsini xarici kəşfiyyat zabitinə verib. Nəticədə bir sıra telefon danışıqlarından sonra Ermənistan Respublikası vətəndaşı, yuxarıda adı çəkilən düşmən təşkilatının nümayəndəsindən bir ödəniş müqabilində, Ermənistan və “Artsax” respublikalarına zərər verə biləcək məlumatları: ərazi bütövlüyü və xarici təhlükəsizliyi, silahlı qüvvələrə dair dövlət sirlərini və digər fərqli məlumatları almağa və ötürməyə razı olub. İnternet vasitəsilə yuxarıdakı təmsilçiyə müvafiq xarakterli bir müqavilə imzalayıb və özü üçün bir təxəllüs də seçib.
 
Qeyd olunan Ermənistan vətəndaşı bir il ərzində dövlət və rəsmi sirləri ehtiva edən məlumatları toplayaraq, həm şəxsən, həm də həyat yoldaşı vasitəsilə düşmən ölkənin xüsusi xidmət orqanlarına ötürüb və ödəniş olaraq 1500 dollar alıb.
 
Əldə olunan dəlillərin cəmi əsasında Ermənistan Respublikası vətəndaşı xəyanətdə ittiham olunaraq, həbs olunub. Arvadı xəyanətə kömək etməkdə günahlandırılır, ona qarşı həbs cəzası ilə əlaqəli olmayan bir önləyici tədbir tətbiq olunub. Təqsirləndirilənlər ifadə verərək, günahlarını etiraf ediblər”.
 
Bu xəbərin həqiqətə nə qədər yaxın olub-olmaması başqa məsələdir. Hər halda Azərbaycan xüsusi xidmət orqanları ilə interner vasitəsi ilə müqavilə bağlamaq və özünə ləqəb seçmək o qədər də ağlabatan ittiham deyil, amma həqiqiliyini qəbul etsək, onda görün, bu “Dəmir yumruq” erməniləri nə günə salıb ki, iqtisadi cəhətdən o qədər acınacaqlı vəziyyətə düşüblər ki, “böyük vətən”i 1500 dollara da satmağa razı olublar.
 
İndi biz Ermənistan hökumətinə təşəkkür etməliyik, ya yox?
Tarix: 10-04-2021, 17:18
Xəbəri paylaş



Xəbər lenti