Cənubi Koreyanın və dünyanın nüfuzlu universiteti KAIST (Korean Advanced Institute of Science and Technology - Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu) azərbaycanlı tələbəsi olan Ceyhun Zəkəryəyevə müvəqqəti istifadəsi üçün avadanlıq göndərib. Dövlət Gömrük Komitəsi isə bu avadanlığa görə tələbədən 36 faiz rüsum alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ceyhunun anası Gülnar xanım məlumat verib. O iddia edir ki, nə qədər israr etsələr də, Dövlət Gömrük Komitəsi 36 faiz rüsumda heç bir güzəşt etməyib:
“Deməli, Koreya Universiteti öz inventarını bir semestrlik məşğul olmaq üçün oğluma göndərib. Malın dəyəri 1 200 (2 min 40 manat) dollardır. Universitet xarici ölkə vətəndaşına inventarı öz hesabına göndərir. Koreyanın bunu təhsil üçün göndərməsinə, bizim bundan gəlir əldə etməyəcəyimizə baxmayaraq, gömrük, gəl, ödəniş et, götür, dedi. Yəni gömrükdən keçən malın dəyəri 300 dollardan artıqdırsa mütləq səndən ödəniş alır. Maksimal ödəniş də malın dəyərinin 36 faizi olduğu üçün, nə etsək də bir faiz aşağı düşmədilər. Cənubi Koreya Azərbaycan vətəndaşını ödənişsiz oxudur, təhsil verir, qalıb işləmək istəsə, işləyə də bilir. Hələ öz hesabına inventarını da göndərir. Bizimkilər sağolsun, bacardıqları qədər əhalini soymağa çalışırlar. Dövlət savadlı uşaqlara heç nə etmir, ancaq idman, hoppanıb-düşmək. Ağıl bizlərə lazım deyil. Bəzən oğlumun qızıl medalla məktəb bitirməsini eşidənlər soruşur ki, necə aldınız medalı? Sağ olsun, "İstək" liseyi sayəsində oğlum təhsil əldə etdi. Sabah bu oğlan onu oxudan, təhsil verən, işlə təmin edən ölkədə qalıb müəyyən nəticələri ilə dünyada tanınsa, “Belə-belə işlər”, başqa səhifələr haqqında ağızdolusu yazacaqlar ki, filankəs azərbaycanlıdır. Bəs niyə Azərbaycan bu oğlanların arxasında bu gün fəxrlə durmur?”.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, C. Zəkəriyəyev 2019-cu ildən dünyanın ən yaxşı 110-cu universiteti KAIST-də təhsil alır.