Bakıda sürücülər aksiyaya başladılar – VİDEO


Bu gün marşrut avtobuslarının sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) binası qarşısında etiraz aksiyası keçirib.
NOCOMMENT kanal13-ə istinadən xəbər verir ki, sosial şəbəkələr vasitəsilə canlı yayımlanan aksiyada sürücülər gündəlik planın yüksək olmasından, maaşlarını ala bilməmələrindən şikayətləniblər:
“250 manat aylıq əməkhaqqı yazılır, lakin verilmir. İllərdir maaş almırıq, gündəlik plan da yüksəkdir. Əvvəlki vaxtlarda gündəlik plandan artıq qalan pulla dolanırdıq, indi o da yoxdur…”
Məlum olub ki, sürücülərin əksəriyyəti 140 saylı müntəzəm marşrut xətti üzrə çalışanlardır. Sürücülər bildirib ki, hazırda həmin xətt “BMH” MMC-nin istismarındadır. Onların sözlərinə görə, şirkətin müdiri Baxşəli Mirzəyevdir.
“Gündəlk planın məbləği 85 manatdan 115 manata artdığından və yanacaq bahalaşdığından indi nəinki dolanmaq olmur, planı da vermək çətindir”, – deyə şikayətçi sürücülərdən olan Elnur Ağaliyev söyləyib.
“5 ildir bu xətt üzrə sürücüyəm. Keçən il cəmi 3 dəfə maaş verilib. Həmin 3 dəfənin birində karta 110 manat köçürmüşdülər, dedilər o pulu iki sürücü arasında bölün. Bir sözlə, biz maaş almadan işləyirik”, – deyə E.Ağaliyev əlavə edib
Aksiya iştirakçılarından olan sürücü Əlican Dostəliyev şirkətdə illərdir çalışdığını, aylıq rəsmi maaşının 250 manat yazıldığını, lakin əməkhaqqı almadığını deyib.
Sürücü Bahadır Əliağayev gündəlik planın çox olmasına, maaşın verilməməsinə etiraz etdiyini deyib.
Kamran Mirzəyev adlı sürücü də əməkdaşların bir qisminin əmək müqaviləsiz çalışdığını, müqavilə olanların isə maaş almadıqlarını bildirib: “İki ildir işləyirəm, iki dəfə maaş verilib, onu da digər sürücü ilə böldülər”.
Digər sürücü isə səhər saat 5-dən gecə saatlarına qədər çalışdığını, lakin evə qazanc apara bilmədiyini deyib.
Çingiz Həzrətquliyev adlı sürücü məktəblər bağlanarkən rəhbərliyə gündəlik planı 100 manata salmağı təklif etdiklərini bildirib: “Məktəblər açıq olan vaxt maaş verilməsə də danışmırdıq. Çünki dolana bilirdik. İndi məktəblər bağlanıb, maaş da verilmir, plan da yüksəkdir. Biz ən azından planın aşağı salınmasını tələb edirik”.
Rəşad İsmayılov da pandemiya olandan çətinlik çəkdiklərini bildirib: “Gündəlik plana borclu qalırıq. Bilmirik plan dərdi çəkək yoxsa evə çörək”
Rafiq Əliyarov, Səxavət Ağarzayev və digər sürücülər də maaş almamalarından, gündəlik planın çoxluğundan şikayətləniblər: “Ailə saxlamaq olmur. Maaş verilmir. Aidiyyəti qurumlar təcili tədbir görsün”.
Hələlik BNA məsələyə münasibət bildirməyib.


Tarix: 7-04-2021, 16:12
Xəbəri paylaş



Xəbər lenti