"Facebook istifadəçiləri ehtiyatlı olsunlar..." - ekspertdən xəbərdarlıq


Bir neçə gün öncə facebookun 533 milyon istifadəçisinin şəxsi məlumatlarının oğurlanaraq xüsusi haker platformasında satışa çıxarıldığı məlum olub. Şəxsi məlumatları oğurlanan istifadəçilərin dünyanın 106 müxtəlif ölkəsindən olduğu deyilir. Bu ölkələr arasında Azərbaycan da var.
 
Məlumata görə Azərbaycandan olan 99 472 facebook istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb. Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.
 
Bəs görəsən, bu milli və dövlət təhlükəsizliyi üçün zərərli hesab oluna bilərmi? Hansı kateqoriya istifadəçilərin hesabları oğurlanıb? Yeni "WikiLeaks" qalmaqalı hazırlana bilərmi?
 
Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Yeni Müsavat"a danışıb: "Zaman-zaman bu cür hadisələr baş verir. Əlbəttə, xoşagələn bir hal deyil. İstənilən halda istifadəçilərin öz təhlükəsizliyini daha güvənli üsulla qorumasına ehtiyac var. Eyni zamanda, son baş verən hadisədə əsas problem feysbukla bağlı olub. Orda hansısa bir problem səbəbindən bu məlumatların sızması baş verib. Əvvəlki hallarda adətən bu məlumatları feysbuk başqa-başqa şirkətlərə satırdı. İndi məlum olur ki, bu orda baş verən problemlə əlaqəli olub. İstənilən halda vətəndaşlar bu cür resurslardan istifadəyə özləri razılıq verirlər. Burda məsuliyyət daha çox vətəndaşın özünün üzərindədir. Əlbəttə, hökumətin vətəndaşlarının məlumatlarının qorunması sahəsində də müəyyən vəzifələri var. Amma bu xarici bir resursdur, bundan istifadədə vətəndaş orda qeydiyyatdan keçməklə, onun şərtlərini qəbul etməklə özü buna razılıq verib. Nə etmək olar? Vətəndaş ilk növbədə bu cür resurslardan istifadə edəndə özünə ziyan vurmayacaq məlumatlardan istifadə etməlidir. Ona problem yaradacaq fərdi məlumatlardan istifadə etməməlidir. Şəxsi sirr olan, ziyan vuracaq məlumatlar paylaşmamalıdır. Yəni açıq bir şəbəkədir, risklər var. Vətəndaş bunun fərqində olmalıdır. Dövlət qurumları üçün də bu mesajdır. Yəni, hökumət qurumları bununla bağlı  maarifləndirmə işi aparmalıdır. Vətəndaşlara tövsiyələr verməlidir, hansı addımlar atılmalıdır, nə edilməlidir. Profilaktik olaraq hansı addım atılmalıdır. Əvvəlcədən nələr olmalıdır, hadisə baş verəndən sonra nələr edilməlidir. Hökumət qurumlarının bu istiqamətdə öz vətəndaşlarına kömək etməsi doğru olardı". 
 
O.Gündüz bildirib ki, feysbukda baş verən bu olayın  "WikiLeaks" qalmaqalına oxşarlığı yoxdur: "Burda elə ciddi məlumatlar olacağını düşünmürəm. Burda əsas fərdi məlumatlardı, ad, familiya, telefon nömrəsi, kimi məlumatlardan söhbət gedir".
 
Qeyd edək ki, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon Hindistandan 6 milyon istifadəçinin məlumatları da facebookdan  oğurlanıb.
 
Facebook administrasiyasından isə məsələ ilə bağlı bildirilib ki, bu məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlanıb və köhnəlib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.

Tarix: 6-04-2021, 10:49
Xəbəri paylaş



Xəbər lenti