Vasif Talıbovun oğlundan koronavirusla bağlı açıqlama: “Naxçıvan ən az yayıldığı yerdir”




Şahmat üzrə “Naxçıvan Premium Turniri”nin mükafatlandırma mərasimi keçirilib.
 
Pravda.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişikliklər edilib. Lakin Naxçıvan Muxtar Respublikası regionda pandemiyanın ən az yayıldığı yerdir. Federasiya bu müddət ərzində onlayn yarışlar və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənar qalmamasını təmin edib.
 
Seymur Talıbov qeyd edib ki, federasiyanın bu turniri keçirməsində məqsədi şahmatçıların müstəqil olaraq qərar vermələrini, onların böyük yarışlara, turnirlərə hazırlanmasını, eyni zamanda onların yarış təcrübələrinin artırılmasını təmin etməkdən ibarət olub. 12 ən yaxşı şahmatçı bu turnirdə nəyə qadir olduğunu göstərib. Təbii ki, idmançıların bu səviyyədə yetişdirilməsi, onların bu sahədə uğur qazanması Ali Məclis Sədrinin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
 
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri turnirdə mübarizə aparan şahmatçıları təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb.
 
Qeyd edək ki, turnirin yekun nəticəsinə əsasən, 11 turdan 9 xal toplayan Urfan Sevdimalıyev ilk dəfə təşkil olunan “Naxçıvan Premium Turniri”nin qalibi adını qazanıb. Eyni xal toplayan Pərviz Qasımov ikinci, 8 xalla Toğrul Həsənzadə isə üçüncü pillədə qərarlaşıblar.
 
Tədbirin sonunda qaliblər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən pul mükafatı və hədiyyələrlə mükafatlandırılıblar.
Tarix: 2-04-2021, 10:02
Xəbəri paylaş



Xəbər lenti