ABRAMYANIN YEZNƏZİNİ GÖMRÜKDƏ KİMLƏR MONOPOLİST ETMİŞDİ? - Və ya nədən erməni ilə qohum olanı birini seçmişdilər?



Kim zəmanət verə bilər ki, vaxtilə gömrükdən toplanan yüz milyonlardan Azərbaycan düşməni olan erməniyə də “qayın payı”, “dayı payı” göndərilməyib?
Azərbaycan və erməni xalqlarının yaxın gələcəkdə yaxınlaşmasının, birgəyaşayışının, normal qonşuluq münasibətinin yaranmasının mümkünlüyü barədə nə qədər deyilsə, təbliğat aparılsa da, hazırda mövcud olan mənzərənin tezliklə dəyişəcəyinə ümid etmək yersiz görünür.
Buna xüsusilə də müharibədə acı məğlubiyyətə uğramış Ermənistanın siyasi arenasındakı fiqurlara, erməni cəmiyyətinə, mediasına və s. nəzər yetirdikdə bir daha əmin olmaq olar. İstəsək də, istəməsək də bu qonşu xalqın bizi “həzm etməsi” mümkünsüz görünür və demək olar ki, hər zaman da belə olub...
Lakin buna rəğmən xüsusilə də 1990-cı illərə qədər emənilərlə qarışıq nigahlara kifayət qədər çox rast gəlinirdi. Böyük ehtimalla bu günlərdə mətbuatda sıx-sıx bəhs edilən Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın Azərbaycanda ərdə olan bacısı da məhz həmin illərdə azərbaycanlıya ərə gedib.
Təbii ki, bu cür izdivaclara “ürək-könül məsələsi”, beynəlmiləlçilik, insan haqları və s. kontekstindən yanaşıla bilər və kimsənin şəxsi həyatına müdaxilə etmək doğru olmaz. Zatən Azərbaycanda 30 mindən çox erməninin yaşadığı bildirilir və onlara qarşı hər hansı qanunsuz hərəkətin, təzyiqin şahidi olmamışıq.
Lakin yuxarıda qetd etdiyimiz məsələnin bir “əmması” var. Söhbət ondan gedir ki, Azərbaycana qarşı açıq nifrətini gizlətməyən, ölkəmizə müxtəlif növ çirkin iftiralar atan, Rusiyada anti-Azərbaycan təbliğatının əsas fiqurlarından biri olan həmin bu Abramyanın bacısının Azərbaycanda heç də adi sıravi şəxslərin birinin deyil, hamının uzun illər əsas monopolist kimi tanıdığı, Azərbaycan gömrüyündəki qanunsuzluq, özbaşınalığın təməlini qoyanlardan biri hesab olunan və bu yolla böyük var-dövlət sahibinə çevrilən Əbülfəz Məlikovun həyat yoldaşı olduğu iddia edilir.

Bunu mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, deputat, politoloq Cümşüd Nuriyev deyib və xeyli vaxt keçməsinə baxmayaraq, bu məlumat “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov tərəfindən təkzib olunmayıb. C.Nuriyevsə kifayət qədər məlumatlı şəxs hesab oluna bilər. Yox, əgər deyilənlər həqiqət deyilsə, məntiqlə, istənilən şəxs ailə üzvü barədə yayılan yalana sərt münasibət bildirər, ən azından bu məlumatı təkzib edərdi...
Əgər deyilənlər həqiqətdirsə, o zaman mövzunun maraqlı tərəfi sadəcə, kiminsə ailə məsələsi, şəxsi işi və s. yox, Azərbaycan gömrüyü kimi strateji əhəmiyyət daşıyan, milyardların dövr etdiyi sahədə erməni diasporunun ən aparıcı fiqurlarından birinin yaxın qohumunun əsas söz sahiblərindən biri olmasıdır.
Doğrudur, xeyli vaxtdır ki, Ə.Məlikovun bu sahədən uzaqlaşdırıldığı bildirilir. Lakin faktiki olaraq, uzun illər bu şəxs Azərbaycan gömrüyünü idarə edən 2-3 “bossdan” biri hesab olunub, deməli o, həm də az qala gömrüyün üzərindən uçan hər quşdan da xəbərdar olub.
Yaxşı, Azərbaycanda gömrükdəki “qara işləri” tapşırmaq üçün qatı Azərbaycan düşmənlərindən birilə yaxın qohumluğu olan şəxsdən savayı kimsə tapılmırdımı? Niyə Azərbaycanın çörəyi məhz belə adamlara yedirdilməli idi? Kim zəmanət verə bilər ki, vaxtilə gömrükdən toplanan milyonlardan, hətta yüz milyonlardan Azərbaycan düşməni olan bu erməniyə də “qayın payı”, “dayı payı” göndərilməyib?
Ümumiyyətlə, heç bir millətçilik filan etmədən, sadəcə məntiqdən irəli gələn sual yaranır – Azərbaycanın strateji sahələrində bizimlə düşmənçiliyi bütün dünyaya bəyan olan ermənilərlə uzaqdan-yaxından əlaqəsi olan şəxslərin leqal, yaxud qeyri-leqal formada təmsil olunmasına niyə imkan verilir? Hara baxıb indiyə kimi Azərbaycan gömrüyünə uzun illər boyu rəhbərlik etmiş şəxlər?

Və nəhayət, gömrüyə nəzarətin məhz belə bir şəxsə verilməsi təsadüfidirmi? Əlbəttə ki, yox. Ə.Məlikovun əsas havadarlarının kimliyi nəzərə alınsa, burada “köhnə qvardiya”nın izləri açıq-aşkar görünə bilər. Ona gömrükdə “at oynatmaq” səlahiyyətinin də məhz “köhnə qvardiya” tərəfindən verildiyi şübhə doğurmur. Bu isə sözügedən strateji sahəyə, onun “qara gəlirlərinə” nəzarətin Moskvaya xidmət edən qüvvələrin əlində olmasına, ölkənin giriş-çıxış qapıları barədə mütəmadi olaraq Moskvaya hesabat verildiyinə dair qənaət yaradır.
Digər yandan Ə.Məlikov kimilərin sayəsində gömrükdə yaranan iyrənc durum, açıq-aşkar inhisarçılıq, talançılıq, biznesin rəzil günə salınması nəzərə alındıqda, istər-istəməz qənaət yaranır ki, azca da olsa millət, xalq, dövlət təəssübkeşliyi olan bir şəxs bu mühiti yaratmazdı. Sanki bilərəkdən bu çirkin, ziyanlı, ölkə iqtisadiyyatının, biznesinin təməlini sarsıdan iş məhz ermənilə qohumluğu olan adama tapşırılıb...
Yaxşı olar ki, yuxarıda qeyd edilən suallara cavab verilsin. Və əgər doğrudan da yaxın keçmişimizdə Azərbaycanda sahibkarlığın inkişafına balta vuran, inhisarçılığın təməlini qoyan şəxslərdən biri kimi ad çıxarmış “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun Ara Abramyanla yaxın qohumluğu barədə deyilənlər həqiqətdirsə, o zaman bu şəxsə vaxtilə məlum səlahiyyəti vermiş və onu milyonçuya çevirmiş adamlar həm qanun, həm də vicdanları(əgər varsa) qarşısında cavab verməlidirlər.
Rasim Əliyev
“AzPolitika.info” 
Tarix: 31-03-2021, 15:20
Xəbəri paylaş



Xəbər lenti