Deputatdan Mərkəzi Bank sədrinə ittiham: “İnsanların ailəsini dağıdan…”


Deputatdan Mərkəzi Bank sədrinə ittiham: “İnsanların ailəsini dağıdan…”
Fəzail Ağamalı: “Azərbaycan vətəndaşını zəlil günə qoyan, evlərini, mülklərini əllərindən alan bank sisteminin yaradıcısı Elman Rüstəmovdur”
 
“Azərbaycanda bank sistemində olan problemləri, faiz dərəcələrinin yüksək olması Elman Rüstəmovun fəaliyyətinin nəticəsidir. İstehlak kreditləri adı altında insanları müflisləşdirirlər. Dünyanın heç bir yerində faiz dərəcələri Azərbaycandakı kimi yüksək deyil. İllərdir ki, yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, onun ailəsini dağıdan, evlərini, mülklərini əllərindən alan Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri isə hələ də yüksək faizli bu missiyanı davam etdirməkdədi".
 
AYNA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin iclasında Deputat Fəzail Ağamalı deyib.
 
Millət vəkili Mərkəzi Bankın sədri Elman Rüstəmovu tənqid edərək deyib ki, faktiki olaraq Azərbaycanda bank sistemi çökdürülüb: “Təklif edirəm ki, Mərkəzi Bankın fəaliyyəti araşdırılsın, bir çox səlahiyyətləri Milli Məclisə verilsin. Həm də, Banklar haqqında Qanun dəyişdirilməlidir”.
 
“”Cehiz krediti” deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib, 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa düçar olanda, kreditin ödənişini gecikdirəndə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakını dərhal məhkəmənin hökmü ilə müsadirə edirlər. Sual olunur: bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə, hansı ölkənin bank sistemində var?”, - deyə deputat əlavə edib.
 
F.Ağamalı vurğulayıb ki, indi biz hər bir manata qənaət edib, onu Qarabağa Böyük Qayıdışa yönəltməliyik: “Nə baş verir? Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən minlərlə mənzil, yaşayış evi, onlarla məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar. Yenə də deyirəm, bu cür anormal bank sistemində ciddi islahatlara böyük ehtiyac var. Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank, pul, kredit icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq”.
Tarix: 17-03-2021, 16:11
Xəbəri paylaş



Xəbər lenti