"Oğlumun qatilinin Rövşən Əkbərov olduğunu bizə ilk deyənlərdən biri Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev olub". Bu fikirləri mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva bildirib.
Orucəli Hacıyevlə Elçin Əliyevin tanışlıq münasibətləri olduğunu xatırladan Səmayə Əliyeva oğlunun qətlindən az sonra Orucəli Hacıyevin onlarla əlaqəni kəsməsindən şikayətlənib:
"Oğlumun qatilinin 20 ildir ki, qorunmasında Orucəli Hacıyevin də təqsiri olub. Orucəli Hacıyev oğlumun tanışı idi, ailəmizi tanıyan adam olub. Elçin bıçaqlananda Orucəli Hacıyev gəlib bizə dedi ki, qatil Rövşən Əkbərovdur. Amma nədənsə sonra bildiklərini dandı, bizimlə əlaqələri kəsdi. Oğlum onlara çox yaxşılıqlar etmişdi, Orucəli Hacıyev Elçini görəndə bilmirdi neyləsin, qabağına qaçırdı. Oğlum öldürüləndən sonra çoxları bizimlə əlaqələri kəsdi".
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlə yetirilməsində ittiham edilir.
Demokrat.az
Tarix: 17-03-2021, 14:08