Mehman Hüseynov: “Korrupsiyanı araşdırmaq üçün dron yox, cəsarət lazımdır”
Videobloger Mehman Hüseynov müsahibəsində martın 14-də polis tərəfindən saxlanılmasından, məlumat toplamaq azadlığı ilə problemlərdən və korrupsiya hallarının ictimailəşdirilməsindən danışıb. Daxili İşlər Nazirliyinin açıqlamasına münasibətiniz necədir? Necə qiymətləndirirsiniz? Daxili İşlər Nazirliyinin açıqlaması ilə tanış olmuşam. Əslində, düzgün izahat veriblər ki, mənim çəkiliş avadanlıqlarım əlimdən alınıb və bu araşdırılır. Lakin onların açıqlamasında da mən görürəm ki, qanunsuzluq var. Çünki orada bir çox suallar var ki, onlara aydınıq gətirilməli idi. Birincisi, onlar Mehman hara getmişdi, nə çəkmişdi, çəkiliş edən vaxtımı dronu əlimdən alıblar, drona icazə var və ya yoxdur, onlar növbəti məsələlərdir. Dünənki mənim saxlanılmamı qeyri-qanuni hesab edirəm. Çünki, mən heç bir qanunazidd hərəkət etmədim. Sizin dronunuz əlinizdən alınıb. Ümumiyyətlə bu dronu Azərbaycana necə gətiribsiniz? Qanunda dronla çəkiliş eləmək və ya eləməmək, bununla bağlı heç bir qadağa yoxdur. Hətta deyərdim ki, qanun boşluğudur. Lakin ölkəyə gətirmək üçün bəlkə də rəsmi qadağa var. Çünki, hava limanında sərhəd xidməti, gömrük xidməti mütləq yoxlayırlar və ondan sonra ölkəyə keçirməyə icazə verirlər. Mənim dünən çəkiliş etdiyim dron 2014-cü ildə bizim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu fəaliyyət göstərəndə qardaşım Emin Hüseynov xaricdən gətirtmişdi. O vaxtlar bu icazəli idi və sərhəddən rəsmi sənədlə keçirilmişdi. Düşünürəm ki, sonradan tətbiq edilən qadağa qeyri-rəsmidir. Çünki qanunda belə bir bənd yoxdur ki, dronla çəkiliş etmək olmaz. Sadəcə qeyri-rəsmi olaraq hansısa qurumlardan icazə almalısan. Məsələn, toy çəkməyə, şad günləri çəkməyə və s. Mənim dron almağım fəaliyyətimlə bağlıdır. Çünki mən son vaxtlar korrupsiyaya əli batmış məmurları araşdırıb, ictimaiyyətə təqdim edirdim. Sırf bu fəaliyyətimi məhdudlaşdırmaq üçün bu dron alınıb. Azərbaycanda jurnalistlərin, videoblogerlərin dronla çəkilişə icazə verilməməsinin səbəbi nədir? Belə adət-ənənə əvvəl yox idi. Son dövrlərdə bu adət-ənənə oldu. Ümumiyyətlə, indiyədək heç bir məmurun mülkləri çəkilməyib. Bunu ilk tətbiq eləyən mən olmuşam. Ona görə də, bunun qarşısını tezliklə almaq üçün mənim əlimdən çəkiliş avadanlıqlarını almaq lazım idi. Yenə deyirəm ki, bunlar qorxurlar ki, məmurların çirkin pullarla tikdiyi qeyri-qanuni mülklərini araşdırıb ortaya çıxarmasınlar. Mən düşünürəm ki, səbəb odur. Burada heç bir şəxsi həyatına müdaxilə yoxdur. Məmur ictimaiyyətə, jurnalistlərə açıq olmalıdır. Jurnalistin də haqqı var ki, məmurdan soruşa bilər ki, bu ev hansı pulla tikilib, necə tikilib. Buna da qanun icazə verir. Siz bundan sonra fəaliyyətinizi yenə də davam etdirəcəksiniz? Əlbəttə, mən bununla bağlı dünən də yazmışdım, korrupsiya faktını araşdırıb ortaya çıxarmaq üçün dron ümumiyyətlə lazım deyil, kamera da lazım deyil. Bunun üçün istək və cəsarət tələb olunur. Ona görə də mənim əlimdən çəkiliş avadanlıqları götürülsə də bu araşdırmalara son qoyulmayacaq. Bilirsiniz ki, Azərbaycan konstitusiyasında vətəndaşların məlumat azadlığı hüququ təsbit olunub. Ümumiyyətlə konstitusiyasından irəli gələn bu azadlığın ölkədə tətbiqi vəziyyəti necədir? İnanın ki, bu araşdırmaların ən çətin tərəfi odur ki, biz informasiyaları rahat, açıq mənbələrdən ala bilmirik. Hansısa obyektin, mülklərin çıxarışını almaq üçün çətinlik çəkirik. Ona görə də biz məcburuq ətrafdan, qonşulardan, məmura yaxın olan mənbələrdən məlumat alaq. Azərbaycanda o mənbələri əldə etmək şox çətindir. Ona görə də, bu, jurnalistlərin informasiya əldə etmək işini çox çətinləşdirir. Hətta belə bir şey eşitmişəm ki, mənim bir iki araşdırmamdan sonra bütün məmurlara tapşırıblar ki, artıq bu adət-ənənənin qarşısını almaq üçün evlərinə anti-dron yerləşdirsinlər. Burada məmurlara deyilməyib ki, korrupsiyanı azaldın, ehtiyyatlı olun, büdcəni dağıtmayın. Yəni deyilib ki, sən korrupsiyanı davam elə, amma, anti-dron yerləşdir ki, sənin evini çəkib rahatlıqla üzə çıxarmasınlar. Bu hadisədən şikayət edəcəksiniz? Şikayət əlbəttə ki, verəcəyik. Çünki bizi saxlamaq ilk növbədə qeyri-qanuni olub. Bizi yol polisi saxlayıb. Oradan aparıblar Abşeron rayon Polis İdarəsinə, oradan sonra harasa aparıblar. Belə uzun prosedur olub. Və burada söhbət ondan gedir ki, mənim informasiya əldə etməyimi məhdudlaşdırıblar. Mənim çəkiliş avadanlığımı əlimdən alıblar. Bu, heç bir məhkəmə qərarı olmadan, heç bir rəsmi qərar olmadan edilib. Biz əlbəttə ki, şikayət verəcəyik ki, bu saxlanılma qeyri-qanunidir. Qeyd: Mehman Hüseynov martın 14-də polis tərəfindən saxlanılıb, sorşu-sual edildikdən sonra sərbəst buraxılıb. Onun dronu əlindən alınıb. Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. “Həmin məlumatın yoxlanılması məqsədilə bloqer ötən gün saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Mehman Hüseynovun həmin aparatla haradasa çəkiliş etməsi barədə isə hazırda hər hansı məlumat yoxdur,” nazirlik bildirilib. Mehman Hüseynov bir qayda olaraq öz bloqunda məmurların bahalı villaları ilə bağlı reportajlar yayımlayır. Bu repotajlar bir neçə yüz min insan tərəfindən izlənilərək kəskin tənqidlərlə qarşılanır. Mehman Hüseynov 2017-ci ildə böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb. Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb. Hüseynovun etiraz olaraq uzunmüddətli aclıq aksiyası keçirməsi və onun aksiyasının ölkə daxilində və xaricdə dəstəklənməsi nəticəsində ittiham götürülüb. Blogerin həbsi bir sıra yüksək vəzifəli məmurların dəbdəbəli villaları ilə bağlı reportajlarından sonraya təsadüf edib. Hüseynov ittihamı qəbul etməyib və həbsini bloger fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib. Azərbaycan hakimiyyəti isə birmənalı olaraq Azərbaycanda söz və mətbuat azadlığının mövcud olduğunu və korrupsiya ilə daim mübarizə apardığını qeyd edir. Amerikanın Səsi