“AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) “Şərq-Qərb Mülk” MMC barəsində məhkəmə iddiası qaldırıb. Neqativ.com xəbər verir ki, məhkəmə iclası bu gün – 15.03.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovanın sədrliyi ilə keçirilib.
“AFB Bank” ASC-nin “Şərq-Qərb Mülk” MMC barəsində iddia qaldırmasının səbəbi kredit müqaviləsi üzrə mübahisə göstərilir.
Məlumat üçün bildirək ki, “AFB Bank” ASC səhimlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında “Gilan” MMC bankdakı səhimlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.
Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhimdarı Hikmət İsmayılovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb.
“Şərq-Qərb Mülk” MMC isə 05.07.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 100 manat olan MMC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşir. MMC ilə eyni ünvanda “Şərq-Qərb” ASC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East VVest” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxt ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
“Şərq-Qərb” ASC-nin AMEA Prezidenti Ramiz Mehdiyevə bağlı olması barıədə mətbuatda çoxsaylı məlumatlar yayılıb və bugünə kimi təkzib olunmayıb.
“AFB Bank” ASC-nin məhkəməyə verdiyi “Şərq-Qərb Mülk” MMC-nin hazırkı direktoru Ələkbərov Oqtay Zeynal oğludur. Ələkbərov Oqtay Zeynal oğlu hazırda Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA-da işləyir və Fizika İnistitutunun Yarımkeçirici strukturların fotoelektrik və optik diaqnostikası laboratoriyasının rəhbəridir. Oqtay Ələkbərov eyni zamanda Oktay Zeynal oğlu Ələkbərov Biofizika İnstitutunun Elmi Şurasının üzvüdür.
Onu da qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin müəllifi olduğu kitabların əksəriyyəti “Şərq-Qərb” nəşriyyatında çap edilib.
Yeniavaz.com
Tarix: 15-03-2021, 21:16