Özünə ‘’jurnalist’’ deyən gənc qadın elə adamlara rast gəldi ki! Mediamızın reket problemi... VİDEO
Azərbaycan mediasının böyük bir problemi var. Bir sıra möhtəkir zehniyyətli, medianın gücündən istifadə edib, şantaj və digər qanunsuz yollarla pul qazanmaq istəyən şəxslər aramıza soxularaq, jurnalistikanı gözdən salmaqdadırlar. Onlar mediamızda xüsusi bir bölüm də yaradıblar – ‘’reket jurnalistikası’’. İllərdir ki, müvafiq qurumlar, hüquq mühafizə orqanları, hətta jurnalist qurumlarının özləri onlara qarşı mübarizə aparırlar. Lakin Azərbaycan mediasını bu xəstəlikdən qurtarmaq, jurnalistikanın sıralarını təmizləmək mümkün olmur. Azərbaycanın KİV haqqında qanunvericiliyinin liberallığından və boşluqlardan istifadə edən minlərlə qeyri-jurnalist sıralarımıza soxulub və hər gün qanun pozuntularına, cinayətlərə yol verərək, suç işləyərək ‘’press’’ vəsiqələri ilə ictimaiyyəti mətbuatla üz-üzə qoyurlar. Ölkədə vahid vəsiqə sistemi olmadığı üçün, istənilən şəxs hansısa adda KİV yaradıb, özü vəsiqə paylaya bilir. Üstəlik, jurnalist vəsiqələrini hətta pulla satırlar da. Elə reket saytı var ki, 2000 ədəd vəsiqə satıb və bu istintaqla müəyyən olunub. Məmurlar, iş adamları, dükançılar artıq özlərinə ‘’jurnalist’’ deyən bu məxluqların əllərindən beziblər. Söhbəti uzatmadan konkret bir faktdan danışacağıq. TV Musavat heyəti tanınmış iş adamı, qəzetimizin köşə yazarı Mürvət Həsənlinin nümunə kimi saldığı örtülü qış bağları massivi haqqında reportaj hazırlamağa getmişdi. Azərbaycan iqtisadiyyatının və kənd təsərrüfatı siyasətinin gələcəyinə təməl qoya biləcək bu prosesin təbliğ olunmasına ehtiyac var. Orada olarkən özünü televiziya jurnalistləri kimi təqdim edən bir qrup iş adamın ərazisinə sözün həqiqi mənasında basqın etdi. Rəhbərləri gənc bir qadın idi. Yeni Müsavat media Qrupunun rəhbəri, Azərbaycanın əməkdar jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rauf Arifoğluna və Mürvət Həsənliyə xitabən kobud bir dildə, əlləri cibində ‘’içinizdə starşı kimdi’’, deyə sordu. ‘’Siz kimsiniz, xanım’’, - cavab əvəzinə sual gəldi. Bundan sonrakı dialoqun bir qismini biz səsləndirək. Bir qisminə də özünüz video əlavədə bilavasitə şahid olun. Müəssisəyə basqın edən xanım: ‘’Mən jurnalistəm, buraları yoxlamalı, kəsimdəki (toyuq kəsimi) zibilliyi çəkməliyəm. LTV-dənik. Sizdən şikayət var’’. - LTV nədir? Belə televiziyamı var? Varsa biz niyə heç adını eşitmədik? Siz deyirsiz jurnalistsiz, heç jurnalistə bənzəmirsiz axı. Haranı bitirmisiz? Üstəlik, axı burada toyuq kəsmirik. Hara gəldiyinizi bilmirsiz? Sizi kim göndərib? - Niyə yoxdur? İnternetdə axtar, tapassan. "LTV 7 xəbər" televiziyası...Mən də Bakı Dövləti bitirmişəm, jurnalistikanı... Bizə dedilər, burada toyuq kəsimi sexi var, gəlmişik oranın təmizliyini yoxlamağa... Bu hissədə o, bu tv -nin sahibi Ceyhun Cəmilov adlı naxçıvanlıdır, deyir. - Müəllimin kim olub, a bala? Oxuduğun Universitetdə hamını tanıyırıq. Dekanının adını bilirsənmi? Rektorun kim olub? Bu və digər sualların hamısına ‘’bilmirəm’’ cavabı alırıq. Araşdırmalarımız nəticəsində bəlli oldu ki, bu xanım heç bir ali təhsili olmayan Məmmədova Gülnarə Namiq qızıdır. Jurnalist deyil, mediadan xəbəri yoxdur, olsa idi, zatən 32 ilin jurnalisti olan Rauf Arifoğlunu tanıyardı. O, bir qrup şəxslə əlbir olaraq, jurnalist adından istifadə edir və ayrı-ayrı adamları şantaj edərək, pul toplayır. Azərbaycanda hər hansı sahədə - hüquq mühafizə orqanlarında, təhsil sistemində, ticarət şəbəkələrində və başqa istiqamətlərdə dələduzlar, reketliklə pul qazanma niyyəti güdən qruplar kök salsa idı, onları dərhal həbs edər, ən ağır cəzaları verərdilər. Lakin qəribədir ki, illərdir ki, media sahəsi hər cür möhtəkir, dələduz və fırıldaq adamlarla qaynayır. Buna baxmayaraq, qəribə şəkildə, bu adamların kökünü kəsmək mümkün olmur. Sanki gizli bir əl reket jurnalistikasını qoruyur. Biz vəzifə borcu olaraq, bu faktları ictimailəşdirdik və həm də hüquq mühafizə orqanlarının diqqətinə çatdırdıq. Maraqlansınlar, bu təhsilsiz qadın kimdir və niyə özünü jurnalist kimi təqdim edib, müəssisələrin, iş adamların canına düşür.
Bu qadlnın ‘’müdürüm’’ dediyi Ceyhun Cəmilov kimdir, media sahəsinə haradan gəlib, hansı məqsədlə gəlib və əlindəki youtube saytının fəaliyyət istəqamətləri nədir? Mövzunu davam etdirəcəyik və qoyduğumuz sualların cavablarının verilməsində prinsipiallıq göstərəcəyik.