Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabitHəqiqi hərbi xidmətdə olan, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılmalıdır.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.
Məruzədə yer alan digər təklifdə qeyd olunub ki, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləği artırılmalıdır.
Eyni zamanda, yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nəqliyyat xərclərinin də müəyyən edilməsi məsələsi məruzədə öz əksini tapıb.
Bundan başqa, güzəştli şərtlərlə mənzil əldə etmiş (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilmiş, lakin sonradan xidmət yeri dəyişdirilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiya məbləğinin müəyyən edilməsi təklif edilir.
Hərbi-siyasi ekspert Elçin Axundzadə
Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, zabitlərə, gizirlərə, MAXE-lərə, pensiyada olanlara ərzaq əvəzi pul kompensasiyasının məbləği 64 manatdır.
“İllərdir ki, bu 64 manat olduğu kimi qalır. Bu illər ərzində minimum istehlak səbəti durmadan artıb. Təssüflər olsun ki, ərzaq əvəzi pul kompensasiyası isə 64 manat olaraq qalır. Bu rəqəm çox gülünc və biabırçıdır. Zakir Həsənov bu illər müddətində kompensasiyanın məbləğini qaldırmağa heç cəhd belə etmədi. İstefada olan zabitlər bir ara cənab prezidentə müraciət etdilər. Prezidentin köməkçisi Məhərrəm Əliyev zabitlərimizi qəbul etdi və onlar öz sözlərini dedilər”.
Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, Müdafiə Naziri bunu dəstəkləməyib
“Halbuki Müdafiə Naziri təklifləri verməli, əsaslandırmalı və Milli Məclisdən keçirməli idi. Zakir Həsənovun isə başı özünə və qohumlarının varlanmasına qarışıb. Onu da demək istəyirəm ki, Müdafiə Nazirliyində ciddi islahatlar, ştat dəyişikliyi olacaq. Bəzi insanlar vəzifədən uzaqlaşdırılacaq, bəzilərinə isə cinayət işi açılacaq”,-deyə bildirib.
Leyla Mirzə
Tarix: 10-03-2021, 22:38