İnsanlar indidən Novruz tətili üçün yer sifariş edirlər, amma pandemiya imkan verəcək? Bu il Azərbaycan vətəndaşları Novruzda üst-üstə istirahət günləri nəzərə alınmaqla, 20-28 mart aralığında 9 gün istirahət edəcəklər. Artıq indi çoxları bu tətilləri necə keçirəcəyini düşünür. Ən uyğun variantlardan biri bölgələrə səyahətdir. Kimsə qohumlarının yanında, kimsə bir oteldə qalacaq. Ancaq onsuz da bir aydır cəmiyyətdə koronavirus yoluxmalarının sayının artması səbəbindən mümkün bir qapanma barədə şayiələr dolaşır. Və bu, keçənilki ssenarinin təkrarlanması ehtimalı deməkdir.
“Victory Tour” turizm agentliyinin direktoru Vüsal Hacıyevin AYNA-ya dediyinə görə, Novruzda regional otellərə böyük tələbat olacaq və potensial istirahət edənlər artıq onlar üçün uyğun variantlar seçirlər: “Turizm infrastrukturuna malik demək olar ki, bütün bölgələr, xüsusən Quba, Qəbələ, Şəki, Qax, Şamaxı daha populyardır. Ancaq eyni zamanda, şayiələri nəzərə alaraq, bir çox müştərilər yeni bir sərt karantin və bölgələrə gedən yolların bağlanmasından qorxurlar. Buna görə otel otaqlarını ehtiyatla sifariş edirlər”.
“Bu narahatlıqları başa düşən otellərin əksəriyyəti, məhdudiyyətlər olması halında rezervasiyanın ləğv edilməsinə çevik yanaşır. Lakin hər halda səyahət planlaşdırarkən bu məqamları əvvəlcədən dəqiqləşdirməlisiniz. Otelin qərarından asılı olaraq başqa bir ləğv qaydası tətbiq oluna bilər”, - həmsöhbətimiz bildirib.
Qiymətlərə gəlincə, Hacıyev qeyd edib ki, tətillər həmişə yüksək mövsüm kimi qəbul edildiyindən, otellər bu dövr üçün qiymətləri artırır. Qiymətlərin nə qədər yüksək olacağını indidən demək çətindir.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə AYNA-ya açıqlamasında deyib ki, yoluxmaların sayında bir qədər artım olmasına baxmayaraq, mart ayında qapanma üçün heç bir şərt olmadığını düşünür: “Buna baxmayaraq, hadisələrin hər cür inkişafına hazır olmaq lazımdır. İndi bir çox insanlar, maddi imkanlarından asılı olaraq, tətillər üçün müəyyən planlar qururlar. Karantin səbəbi ilə çox yerlər bağlı olub ki, bu da əhalidə müəyyən maliyyəyə qənaətə səbəb oldu. Bu, vətəndaşların müəyyən bir faizinə tətilə xərcləyə biləcəkləri pullar ayırmasına imkan verdi”.
Artıq bəzi vətəndaşlar martın əvvəlindən, bəziləri isə fevral ayında, qiymət siyasəti, sanitariya və gigiyenik standartlara uyğunluq, rahatlıq baxımından ən cəlbedici otel variantı seçmək üçün axtarışlara başladılar. Müsahibimizin sözlərinə görə, bayramlarda yoluxmaının artmasının qarşısını almaq üçün otellərə və istirahət zonalarına gələnlərin sayının ümumi yerləşmə sayının 50 faizindən çox olmaması lazımdır: “Söhbət fərdi evlərdən, kotteclərdən gedirsə, orada doluluq nisbəti 100% ola bilər. Əsas odur ki, sıxlığın qarşısı alınsın”.
Ağayev hesab edir ki, otellər, istirahət zonaları Novruz üçün qiymətləri qaldırmamalıdır: “Çünki sonda yalnız bundan uduzacaqlar. Bu cür obyektlərin ehtiyatlı sahibkarları bu amili yaxşı başa düşürlər. İndi bir çox oteldə ödənişsiz sifariş sistemi mövcuddur ki, bu da müştərilərə pul itkisi riskindən çəkinməyə imkan verir. Günümüzdə vəziyyət çox qeyri-müəyyəndir və hər an dəyişə bilər. Otellər də buna uyğunlaşır - daha çox müştərilərə tərəf addım atmağa başlayıblar”.
“İnsanlar evdə qalmaqdan beziblər, belə vəziyyət, demək olar ki, bir ildir davam edir. İnsanları tətildən məhrum etməmək lazımdır. Ancaq aydındır ki, çox şey vətəndaşların özlərindən asılıdır. Neçə dəfə tanışlarımızın küçədə bir-birilərini görəndə maskalarını çıxardaraq, öpüşüb-görüşməsinin, əl verməsinin şahidi olmuşam. Pandemiyanın öz tələblərini diktə etməsinə baxmayaraq, bir çoxları üçün ünsiyyət mədəniyyəti dəyişməyib”, - deyə ekspert vurğulayıb.
Bu arada, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov yerli mətbuata açıqlamasında deyib ki, əhali epidemioloji tədbirlərə əməl edərsə, ciddi karantin tətbiq olunmasına ehtiyac qalmayacaq: “Azərbaycanda qarşıdan gələn tətillərlə bağlı əsas narahatlıqlardan biri, Novruzda insanlar arasında təmasların artmasıdır və bu, virus xəstəliklərinin daha da geniş yayılmasına səbəb ola bilər”.
Mahmudov heç bir dövlətin sərt təcrid olunma tərəfdarı olmadığını, ancaq insanların həyatı üçün bir təhlükə olduğunda, belə bir qərarın qaçılmaz olduğunu söyləyib. Deputatın sözləri bir çoxları tərəfindən yeni bir qapanmaya eyham kimi qiymətləndirilib.
Tarix: 8-03-2021, 08:47