Partiya sədrindən toy qadağasına ÜSYAN: “Ramin Bayramlını bu dövlətə Əli Əhmədov sırıyıb”



“Azərbaycanda əhalinin sayının artmasını əngəlləyən qüvvələrin başında duranlardan biri də TƏBİB-in sədridir”.
Artıq 1 ilə yaxındır ki, ölkədə toy mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub. Zamanla bir sıra sahələr üzrə karantin rejimi tədricən yumşaldılsa da, şadlıq saraylarının fəaliyyətinə və toyların təşkilinə hələ də icazə verilmir. Dünyanın bir çox ölkələrində “toy qadağası” aradan qaldırılsa da, Azərbaycanda vəziyyət fərqlidir.


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında toyların uzun müddət qadağan olunmasının doğurduğu gərgin vəziyyəti dəyərləndirib. Partiya sədrinin sözlərinə görə, demoqrafik göstəriciərin gələcəkdə mənfiyə düşməməsi üçün toyların keçirilməsinə icazə verilməlidir:
“Azərbaycanda əhalinin sayının artmasını əngəlləyən qüvvələr var. Düşünürəm ki, bu qüvvələrin başında duranlardan biri də TƏBİB-in sədridir. Onu bu dövlətə Əli Əhmədov sırıyıb. Onların əsas məqsədi Azərbaycanda əhalinin genofondunu məhv etməkdir.
Məlumdur ki, toy yoxdursa, artım olmayacaq. Pandemiya adı altında həyata keçirilən tədbirlər TƏBİB sədrinin alverinin yaxşı getməsinə köklənib. Bu, yanlış siyasətdir.
Avtobuslarda 50-100 nəfər ağız-ağıza yol gedir. Bəs nəyə görə şadlıq saraylarında 50-100 nəfərlik toyların keçirilməsinə icazə verilmir?! Ən pis halda bir masa ətrafında iki və ya üç nəfər də əyləşə bilər. Toy mərasimlərinin keçirilməsinə qoyulan qadağanın götürülməməsinə görə narahatam”.
Nazirlər kabineti yanında Operativ Qərargahın fəaliyyətinə də toxunan Hafiz Hacıyevin fikrincə, sözügedən qurumun fəaliyyəti gözləntiləri qətiyyən doğrultmur:
“Operativ Qərargahın qərar qəbul edərkən ictimai rəyi öyrənib-öyrənmədiyi sual altındadır. Əldə etdiyim qeyri-rəsmi məlumata görə, nişanlı cütlüklərin 30 faizi artıq ayrılıb.
Bu vəziyyətə şərait yaratmaq millətə xəyanətdir. Əslində, toylara qadağa qoyulmasının düşünülmüş bir siyasət olduğunu hesab edirəm. Hər halda, parlamentdəki deputatlarımız və ziyalılarımız bu məsələdə ortaya ciddi mövqe qoymalıdırlar”.
Tarix: 3-03-2021, 10:01
Xəbəri paylaş



Xəbər lenti