Nazirlik ağciyərimizə bıçaq sancılmasına şərait yaradır


Nazirlik ağciyərimizə bıçaq sancılmasına şərait yaradır
Yeni fındıq bağları meşələrdən daha vacibdir – ETSN-də belə düşünürlər
 
Bu yaxınlarda “EkoFront” vətəndaş təşəbbüsü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) meşə torpaqlarının icarəyə verilməsi prosesində şəffaflığın təmin edilməsi tələbi ilə müraciət etdi. “EkoFront”-un sosial şəbəkədə ictimaiyyətə verdiyi açıqlamada, meşə torpaqlarının ələ keçirilməsindən və müxtəlif özəl şirkətlər tərəfindən kənd təsərrüfatı bağlarının örtüyü altında kolluqların, yüngül meşə ekosisteminin məhv edilməsindən narahatlıq ifadə edildi.
 
“EkoFront” mülki təşəbbüs nümayəndələrinin sözlərinə görə, 2017-ci ildən bəri ETSN bu məqsədlər üçün 8,582 hektar meşə ərazisini icarəyə verib.
 
“EkoFront”-un açıqlamasında meşə torpaqlarının ələ keçirilməsindən və kolluqların, yüngül meşə ekosisteminin müxtəlif özəl şirkətlər tərəfindən məhv edilməsindən bəhs olunur. AYNA hansı özəl şirkətlərdən bəhs edildiyini öyrənməyə qərar verib.
 
Təşəbbüs nümayəndələrindən biri Cavid Qaranın dediyinə görə, ETSN daim meşə torpaqları üçün müştəri axtarır: “Bu, 49 il müddətinə icarə adı altında həyata keçirilir. Bir çox şirkət icarəyə meşə torpaqları alaraq, başqa məqsədlər üçün istifadə edir. Məsələn, “Monte Ferro” şirkəti Şəkidəki Bildeyz kəndinin yaxınlığında yerləşən meşə sahələrini icarəyə götürüb. Şirkət Qax bölgəsində yerləşən meşə ərazilərini də icarəyə götürüb. İcarəyə götürülmüş torpaq sahəsi yüzlərlə hektar ərazini əhatə edir. Bu ərazilərdə meşə mənzərələri məhv edildi və əvəzinə fındıq bağları salındı”.
 
Bu arada “Monte Ferro” şirkəti 2016-cı ildə qurulub və fındıq bağları yaratmaq layihəsi üzərində işləyir.
 
Obyektivliyi qoruyaraq, şirkətin də mövqeyini öyrənməyə qərar verdik. Aynur adlı bir şirkət əməkdaşının (soyadını bildirmədi) dediyinə görə, “Monte Ferro”, həqiqətən meşə ərazisini icarəyə götürüb və orada fındıq bağları salıb: “Ancaq bu ərazidə meşə mənzərələri yox idi. Yalnız kollar var idi”.
 
ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəhbəri Namik Xıdırov da Şəki rayonunun Bildəyz kəndi yaxınlığında fındıq bağlarının yaradılması faktını təsdiqlədi: “Bu bağlar açıq meşəlik ərazidə salınıb. Açıq meşəlik ərazilərdə kənd təsərrüfatı bağlarının yaradılması Milli Meşə İnkişaf Proqramına uyğun olaraq nəzərdə tutulur”.
 
Xıdırovun sözlərinə görə, açıq meşə sahələri, səmərəli istifadəsi üçün icarəyə verilə bilər.
 
Lakin kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirir ki, meşə fonduna daxil olan ərazilərdə hər hansı bir kənd təsərrüfatı fəaliyyəti qadağandır: “Bu torpaqlar yalnız meşələrin bərpası məqsədi ilə icarəyə verilə bilər”.
 
Ekspertimizin ifadələrinin həqiqiliyini yoxlamaq qərarına gəldik. Öyrəndik ki, Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli sərəncamına əsasən, “bitki örtüyü olmayan meşə əraziləri yalnız meşələrin bərpası məqsədilə 49 il müddətinə icarəyə verilə bilər”..
Tarix: 24-02-2021, 20:51
Xəbəri paylaş



Xəbər lenti