Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sakini Alxasov Neyir Tələt oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan Prezident İlham Əliyevə şikayət edib.Müraciətdə deyilir:
Hörmətli Cənab Prezident!
Sizdən xahiş edirəm ki, mənə köməklik edəsiniz. Sizin ədalətinizə sığınıram. Xəzər rayonu Mərdəkan qəsəbəsində mənə məxsus olan “Ayka” marketimdə yaranan qəzalı vəziyyətə görə həm mənim həyatım, həm də marketimə daxil olan müştərilərimin həyatı təhlükə altındadır. Buna səbəb isə qonşuluğumda özünə qeyri-qanuni villa tikən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.
Bu adam mənim marketimə bitişik özünə dəbdəbəli villa ucaldıb. Hələ üstəlik qaz və su xətlərini mənim marketimin içindən çəkib. Bu qaz və su xətlərini mənim marketimdən yığışdırmasını ondan xahiş etsəm də sözümü qulaqardına vurdu. M.Qurbanlı bununla yanaşı tikdiyi villasının hasarını marketimə birləşdirib. Tələbim odur ki, hasarını da söküb marketimdən aralıda tiksin.
Hörmətli Cənab Prezident!
Mən bütün bunlardan sonra M.Qurbanlının özbaşınalığından sizə və digər qurumlara məktubla müraciət etməyə başladım. Çox təəssüflər olsun ki, sizə yazdığım məktubları masanızın üstünə qoyan olmadı. Daha sonra M.Qurbanlı məni məhkəməyə verdi. Məhkəmədə hakim ədalətli qərar verdi. M.Qurbanlının iddiası əsassız hesab edildi. Bundan sonra M.Qurbanlı məni vergi müfəttişləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislə qorxutmağa başladı. Dəfələrlə polis şöbəsinə aparıldım. Amma bütün bunlara baxmayaraq sizə sığınaraq heç kimdən qorxmadım. Mən marketimin üstündə artırma işləri aparıb, marketimi genişləndirmək və əlavə adamları işə cəlb etmək istəyirəm. M.Qurbanlı isə tikinti işi aparmağıma mane olur.
M.Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir, guya Allah adamıdır. Amma gəlsin Qurana and içsin ki, bu dəbdəbəli villanı halal pulla tikib. Sizdən xahişim odur ki, mənim problemimin həll edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
Redaksiyadan: Məsələylə bağlı M.Qurbanlının da mövqeyini işıqlandırmağa hazırıq.
Teref.az
Tarix: 24-02-2021, 09:03