"Toyların keçirilməsinə icazə verilsə də əksəriyyət toy etməkdən imtina edəcək".Bu sözləri Sfera.az-a açıqlamasında iqtisadçı eksperti Natiq Cəfərli deyib. Ekspertin Azərbaycanda iqtisadiyyatın postpandemiya dönəmində bir o qədər də canlanmayacağını qeyd edib:
"Karantin tədbirlərinin bir çoxu yığışdırılmalıdır ki, bəzi sahələrdə aktivlik olsun. Məsələn, turizm sahəsi sərhədlərin bağlı olduğu dövrdə inkişaf edə bilməz. Yəni, biz karantini tamamilə ləğv etsək belə digər ölkələrdəki rejim iqtisadiyyatın müəyyən sahələrinin inkişafına mane olacaq. Amma hər halda postpandemiya dönəmində iri ticarət şəbəkələrinin, Mall-ların açılması müəyyən dərəcədə iqtisadi canlanmaya səbəb olacaq".
N.Cəfərli hazırda aktiv müzakirə edilməkdə olan toyların keçirilməsi məsələsinə də münasibət bildirib:
"İndi gündəmdə olan məsələlərdən biri toyların keçirilməsinə icazənin verilməsidir. Toy anlayışı da elədir ki, burda bir çox sferada insanlar çalışır. Yəni, toy bazarı bir çox sahələri öz ətrafında birləşdirir. Söhbət video, fotoçəkilişlər də daxil olmaqla geyimlərin icarə verilməsinədək bir çox sahədən gedir. Amma qarşıda başqa problemlər var. Danışıqlardan belə gözlənilir ki, toyların keçirilməsinə icazə verilərsə say məhdudiyyəti olacaq.
İlkin mərhələdə 50-100 nəfərlik toy mərasimlərinin təşkilinə icazə verilməsi gündəmdədir. Bu isə öz növbəsində şadlıq saraylarının bir çoxuna sərf etməyəcək. Çünki az sayda insanın iştirakı ilə toyun təşkili sərfəli deyil. 50-100 nəfərlik toyu təşkil edən şadlıq sarayı xüsusi qazanc əldə etməyəcək, əksinə ziyanla işləmiş olacaq. Buna görə də bir nəfər qonağa görə hesablanan maya dəyəri yüksələcək və bu da qiymətlərin artımı ilə nəticələnəcək. Belə olan halda isə insanlarda narazılıq yaranacaq və çox güman ki, əksər şəxslər toylarını hələ bir müddət də təxirə salacaq".
Tarix: 18-02-2021, 21:29