Min ilin problemi – erkən nikahlar: Anlamaq lazımdır ki, fəsadı çox ağırdır


Min ilin problemi – erkən nikahlar: Anlamaq lazımdır ki, fəsadı çox ağırdır
Mütəxəssislər valideynlərə çağırış edirlər – cahilliklə uşaqlarınızı yazıq etməyin, ayılın!
 
Gürcüstanın azərbaycanlılar yaşayan Soğanlıq kəndində iki yeniyetmənin nişan mərasimindən çəkilmiş videonun sosial şəbəkələrdə yayılması hər iki ölkədə gündəm oldu. Xüsusən, azərbaycanlı sosial media istifadəçiləri bu mövzuda geniş müzakirə və mübahisələr apardılar. Gürcüstanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı hərəkətə keçərək hüquqi müstəvidə araşdırmalara başlayıblar.
 
Amma bu məsələ daha çox bizim – Azərbaycan xalqının problemidir. Məsələ burasındadır ki, Gürcüstanlı soydaşlarımız arasında bu köhnə, ibtidai adət hələ də qalır. Azərbaycan Respublikasının bəzi regionlarında da erkən nikah praktikası mövcuddur. Bu kimi məsələlərdə yaranacaq biləcək problemləri və həmin problemin həlli yollarını mütəxəssislərlə müzakirə etdik.
Image result for gülnarə xudabaxışova
Vəkil Gülnarə Xudabaxışova AYNA-ya açıqlamasında bildirib ki, belə hadisələr təkcə Gürcüstanda olmur: “Niyə uzağa gedirik? Elə bizim rayonlar və kəndlərimizdə bəlkə də hər gün belə hallar baş verir. İndi rayona getsək, orda 17-18 yaşlarında subay qız tapa bilmərik. Hamısı ya nişanlanıb, ya da evlənib”.
 
Məsələnin hüquqi tərəflərinə toxunan vəkil qeyd edib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq nikaha daxil olma üçün yaş həddi əvvəl qızlar üçün 17, oğlanlar üçün 18 yaş olaraq müəyyən olunurdu: “İndi isə sözügedən məcəllənin 10.1-ci maddəsinə uyğun olaraq həmin yaş həddi hər iki cinsin nümayəndəsi üçün 18 olaraq müəyyən olunur. Məcəllənin 10.2-ci bəndinə uyğun olaraq, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər”.
 
G. Xudabaxışovanın sözlərinə görə, məhz erkən nikahların səbəbindəndir ki, erkən hamiləlik baş verir: “Erkən hamiləliklər baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır, təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur. Erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur, boşanma hallarının sayı artır. Qeyd edim ki, Azərbaycan Cinayət Məcəlləsinin 176-cı madddəsinə əsasən yetkinlik yaşına çatmayan insanın nikaha məcbur etməyə görə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir”.
Image result for Fərqanə mehmanqızı
Psixoloq Fərqanə Mehmanqızı AYNA-ya deyib ki, Azərbaycanın müəyyən bölgələri, həmin bölgələrin də müəyyən toplumları var: “Həmin toplumlarda belə bir qayda var ki, həmin toplumda böyüyən azyaşlı qız və oğlanlar erkən yaşda ailə qurmalıdırlar və qururlar. Ona görə də bu fərdi deyil, bir toplum şəkildə olan problemdir. Məhz həmin toplumu maarifləndirmək lazımdır. Maarifləndirildikdən daha sonra ictimai qınaq yaranacaq və ictimai qınaqdan yaranan təzyiq olacaq ki, həmin təzyiq də bu kimi halların qarşısını alacaq. İlk olaraq belə hal baş verdikdə qonşu və qohum bu barədə xəbər verməlidir və həmin azyaşlıların valideynləri cinayətə cəlb olunmalıdırlar. Amma belə bir hadisəni xəbər edən olmayacaq. Çünki o toplumda olan hər kəs buna normal yanaşır və onlar kimi düşünürlər. Onlar hamısı bu məsələyə aid yanaşırlar. Ona görə də, onlar hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyəcəklər. Burada hüquq-mühafizə orqanları heç bir şey edə bilməyəcək, çünki onlar bundan məlumatsız olurlar”.
 
Psixoloq burda çıxış yolunu yalnız maarifləndirməkdə görür: “Dövlət tərəfindən QHT-lərə böyük miqdarda vəsaitlər ayrılır. QHT-lər bölgələrə gedərək maarifləndirmə işləri aparırlar, orda müəyyən monitorinqlər keçirirlər. Lakin monitoriqndən əvvəl və sonrakı statistika barədə məlumatı heç bir QHT təqdim etmir. Onlar bu statistikanı apardıqları zaman harda, kimlərlə apardıqlarını da qeyd etmirlər. Kimlər tərəfindən aparılır, o da bilinmir. QHT-lər getdilər, orada işlədilər və qayıtdılar, lakin orda baş verən dəyişikliklər barədə heç bir məlumat təqdim olunmur. Deməli burada da yanlışlıq var. Məsələn, elə ətrafımıza nəzər yetirsək, görərik ki, bu kimi məsələlərlə bağlı maarifləndirmə işləri, hər hansı bukletlər, anketlər və.s təqdim olunmayıb. Heç kim deməyib ki, qadın zorakılığı, erkən nikaha təhrik etmə ilə bağlı hər hansı hadisələr baş verərsə, filan nömrələrlə əlaqlə saxlayıb, məlumat verin. Bu gün yüzlərlə, minlərlə evlərdə 13, 14, 15 yaşlı qızlarımız var.  Məsələn, mənim iki  - 12 və 13 yaşlarında məktəbdə təhsil alan qızlarım var. Mən heç bir dəfə də olsun, məktəb tərəfindən bu kimi məsələlər bağlı maariflənməmişəm.
 
Bəlkə mən heç savadlı və ali təhsilli qadın deyiləm, evdaram. Özüm də erkən ailə qurmuş valideyn olardım və bu hallara da normal baxardım və gözləyirəm ki, qızımın 15 yaşı tamam olsun, məktəbdən çıxarıb onu evləndirim. Məktəb nə məni, nə də qızımı maarifləndirir və nəticədə faciənin astanasına sürüklənirik. Qızım bu barədə heç bir yerdən məlumat ala bilmir”.
 
F. Mehmnaqızı problemin kökünü maarifsizlikdə görür: “Bu kimi halları yaşadıqda hara və kimlərə müraciət edəcəyimizi bilmirik. Hər gün deyirlər maariflənmə, maariflənmə... Amma bir dəfə bu maarifləndirməni aparmırlar, bununla bağlı nələrsə etməyə çalışmırlar. Bir qadın göstərsinlər ki, o erkən yaşında evlənib və onun övladlarını maarifləndirmək üçün müəyyən işlər görülüb. Hər gün statistika beə gəldi, statistika elə getdi deyirlər. Amma bir dənəsini ortaya qoya bilmirlər. Bir kənd göstərsinlər ki, həmin kənddə 5 qadın erkən evliliyə doğru gedərkən maarifləndirmə zamanı fikrindən daşınıb. Belə hallar olmayıb. Ona görə deyirəm ki, sadəcə söz yığını olaraq deyil, həqiqətən maarifləndirmə işləri aparılmalıdır”.
 
Psixoloqun sözlərinə görə, erkən nikaha təhrik edən insanlar  toplum üçün zərərli şəxslər yetişdirirlər: “Çünki onlar özləri psixoloji cəhətdən gərgin olurlar və onlar toplum üçün istər psixi, istərsə də fiziki olaraq sağlam bir uşaq yetişdirə bilərlərmi? Məsələ budur. Dünyaya övlad gətirmək o demək deyil ki, hamı gösün ki, mən ailə qurdum və dünyaya övlad gətirdim, mən sonsuzluqdan əziyyət çəkmirəm. Bütün bunların səbəbi maarifsizlik, məsuliyyətsizlikdir”.
 
Erkən nikaha daxil olma hüquqi cəhətdən cinayət hesab olunduğu, psixoloji cəhətdən isə ağır fəsadlar yaratdığı kimi, bu, həm də erkən nikaha daxil olan qadınlarda bir çox ginekoloji faciələrə də yol açmış olur. Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının ginekoloji sağlamlığıdır.
Image result for xumar ismayılova
Ginekoloq Xumar İsmayılova qeyd edir ki, qızların erkən yaşda ailə qurması onların sağlamlığına olduqca ağır zərbələr vurur: “Yeniyetmə qız uşaqları ilk menstruasiyadan sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur”.
 
Ginekoloqun sözlərinə görə, erkən yaşlarda hamilə qalmaq qadınlar üçün risk faktoru hesab olunur. Ailə qurmaq üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır və bədənin hormonal funksiyası tamamlanmalıdır.
 
Hələ 17 yaşı tamam olmayan qız ərə gedən zaman orqanizmdə reproduktiv sistem və endokrin orqanlar hələ öz funksiyalarını başa çatdırmamış vəziyyətdə olurlar. Erkən yaş doğumlarında ana və uşaq ölümləri, əlil uşaq dünyaya gətirmə riski daha böyükdür.
 
Həmçinin, qızlarda hamiləlik zamanı böyrək problemləri də ortaya çıxır. Hamiləlik vaxtı orqanizmdə dövr edən qanın həcmi təxminən iki dəfə artır. Bu da o deməkdir ki, ürək iki dəfədən də artıq işləməlidir. Ürək-damar sistemi formalaşmamış azyaşlı hamilə üçün isə bu iki və üç dəfədən artıq yük deməkdir”.
 
Müsahibimizin dediklərinə görə, əksər hallarda erkən nikaha daxil olan qızların bu yaşda ana olmağa fizioloji olaraq tam yetişməməsi, çanaq sümüyü və doğuş kanalının hələ kifayət qədər inkişaf etməməsi doğuşu çox çətinləşdirir: “15 yaşından kiçik zahılarda müxtəlif xəstəliklərin inkişaf riski artır. Lazımi müalicə aparılmadıqda, bu problemlər qalıcı əlilliyə, sidik ve nəcisi saxlaya bilməməyə, müxtəlif yoluxucu xəstəliklərlə nəticələnir. Belə nəticələr bir qadının həyatının sonuna kimi qalır. Həmçinin, azyaşlı qızların subay qızlara və 20 yaşından sonra evlənəcək qızlara nisbətən cinsi və malyariya infeksiyasına yoluxma riski yüksəkdir. Bu risk təkcə ananın deyil, həm də uşağın sağlamlığını təhlükə altında qoyur. Azyaşlı anaların uşaqlarında tez-tez immunitet çatışmazlığı olur və 18 yaşından kiçik anaların yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski daha yüksəkdir”.
Image result for ana uşaq ölümü
“Erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər, erkən hamiləlik və onunla bağlı baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar risk göstəriciləridir. 20 yaşadək qadınlar arasında doğum etmiş və doğuşdan sonra olmuş uşaqların sayı çoxdur. Qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır. Qadınların doğuş qabiliyyətinə təsir edəcək hər hansısa bir problem olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər”, – ginekoloq Xumar İsmayılova vurğulayıb.
 
Ginekoloq sonda uşaqların öz uşaqlıqlarını yaşadıqdan sonra ailə qurmalarını tövsiyə edib: “Uşaq uşaqlığını yaşamadan evləndirildiyi üçün ailənin nə olduğunu dərk etməyə zamanı belə olmur, uşağın tək özü deyil, orqanizmi də böyümədiyi üçün ana ola bilmir. Bəzən isə buna görə erkən qurulan ailə elə erkən də dağılır və bir növ tez boşanmaya yol açır”.
Tarix: 17-02-2021, 23:13
Xəbəri paylaş



Xəbər lenti