Siyavuş Novruzovla bağlı müəmma


Milli Məclisin deputatı Siyavuş Novruzovun adı medianın gündəmindən düşmür. Son bir həftədə deputatın adı keçən daha bir qalmaqallı mövzu mediada yer aldı.
 
Onun Daxili İşlər Nazirliyini məhkəməyə verməyə hazırlaşdığı barədə unikal.org saytı xəbər yaydı. Xəbərdə Siyavuş Novruzovun açıqlaması yer alırdı.
 
Deputata istinadən qeyd edilirdi ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur: “Görünən odur ki, aidiyyəti qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, hara istəyir gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq maddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm. Artıq iddia ərizəsi hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcəyəm. Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.
 
Bu açıqlama yayılandan cəmi bir gün sonra isə Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətinin olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bəyan etdi. Onun yaydığı açıqlamada deyilirdi ki, Daxili İşlər Nazirliyi ilə hər hansı problemi yoxdur: “Daxili İşlər Nazirliyi həm pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Orda çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər. Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur. Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi? Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm”.
 
Siyavuş Novruzov jurnalistləri onu rahat buraxmağa, belə qeyri-dəqiq məsələlərlə bağlı narahat etməməyə çağırıb. Maraqlıdır ki, o, siyasi məsələlərdən artıq uzaq durduğunu da qeyd edib: “Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”.
 
Xatırladaq ki, 2020-ci ilin avqustunda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov karantin qaydalarını pozduğu üçün DİN tərəfindən 400 manat cərimələnmişdi. Bundan az sonra isə o, YAP-ın təşkilat şöbəsinin müdiri vəzifəsindən azad edilməsi üçün partiyanın sədri İlham Əliyevə müraciət etmişdi və onun müraciəti qəbul olunmuşdu. Siyavuş Novruzovun uzun illər rəhbərlik etdiyi təşkilat şöbəsinə YAP-ın Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov müdir təyin edilib.
 
Lakin Novruzov hazırda da YAP-da vəzifə tutur - icra katibinin müavini vəzifəsində qalır. Bu vəzifə hakim partiyada kifayət qədər yüksək postlardandır. Eyni zamanda, o, Milli Məclisin komitə sədridir. Həm partiyada yüksək vəzifədə təmsil olunması, həm də siyasi qurum olan Milli Məclisin deputatı olması avtomatik olaraq onu siyasətin mərkəzinə gətirir. Buna baxmayaraq, Siyavuş Novruzovun siyasi məsələlərdən uzaq durduğunu bəyan etməsi, jurnalistləri onu siyasətə qatmamağı çağırması isə yeni suallar, həmçinin iddialar ortaya çıxarır.
 
Əvvəla, Siyavuş Novruzov bununla siyasətdən getdiyini və ya getmək qərarında olduğunumu mesaj verir? Yox, əgər belə deyilsə, məgər hörmətli Siyavuş müəllim bilmir ki, hazırda təmsil olunduğu postlar birbaşa siyasi postlardır?
 
Onu da qeyd edək ki, ötən il məlum toy qalmaqalından sonra Siyavuş Novruzovun partiyada təşkilat şöbəsinin müdiri vəzifəsindən istefası onun partiyadakı digər vəzifəsindən və hətta deputat mandatından imtina edəcəyi, siyasətdən tamamilə uzaqlaşacağı barədə fikirlərin yayılmasına səbəb olmuşdu. Ancaq fikirlər təsdiqini tapmadı. S. Novruzov cəmi bir neçə aylıq fasilədən sonra yenidən siyasətdə fəal görünməyə başladı, telekanallara çıxdı, internet TV-lərdə debatlara qatıldı, o cümlədən Müsavat Tv-nin efirində gedən bir neçə verilişdə qonaq oldu. İndi onun qəti şəkildə “məni siyasətə qatmayın” çağırışı etməsi insanlarda “Siyavuş Novruzov siyasətdən gedir” rəyini yaradıb.  YAP-ın təşkilat şöbəsindən isə “Yeni Müsavat”ın sualına “Siyavuş müəllim partiyada icra katibinin müavini vəzifəsində qalır” cavabı verildi...
Tarix: 13-02-2021, 16:54
Xəbəri paylaş



Xəbər lenti