Ələmdar MƏMMƏDOV, hüquqşünasAqil AbbasaHörmətli Aqil müəllim!50 illik tanışlığımızda həmişə bir-birimizə hörmətlə yanaşmış, xoş günümüzə sevinmiş, kədərimizə şərik olmuşuq. Xatirimdədir, 1995-ci ildə ilk dəfə həcc ziyarətinə gedəndə, necə deyərlər, “yaxşı yol” məclisində mənə xeyir-dua verənlər arasında Sabir Rüstəmxanlı, Rasim Balayevlə birlikdə Siz də var idiniz.
Tələbəlik illərindən bu günə qədər bütün yazılarınızı oxuyuram. Heç nə yazmasaydınız belə,
“Dolu” romanı ilə Azərbaycan ədəbiyyatında qalacaqsınız. Yaxınlarda “Ədalət” qəzetində
“Anro Babacanyan və Polad Bülbüloğlu” başlıqlı yazınızı oxudum. Yazıda bir çox mübahisəli məqamlar olsa da, əslində çox ciddi məsələyə toxunursunuz. Haqlı olaraq Poladı, Bülbülü söyənlərə kəskin etirazınızı bildirirsiniz.
Ola bilər ki, Polad Bülbüloğlu səfir kimi siyasi səhvə yol verib və Prezidentin köməkçisi də buna münasibət bildirib. Axı, Polad Azərbaycan tarixində siyasi xadim kimi deyil, böyük müğənni və bəstəçi kimi qalacaq.
Azərbaycanın, hətta bütün şərqin ilk vokalçısı dahi Bülbülün günahı nədir ki, Poladın “siyasi səhv”inə görə söyülür? Adlarını qeyd etdiyiniz Bülbül, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova xalqımızın yaddaşında əbədi qalacaq tarixi simalardır.Yazını oxuyarkən xəyal məni uzaqlara apardı. Yadıma 48 il əvvəl baş vermiş bir hadisə düşdü.
Tələbəlik illərində 5-6 nəfər dostlarımla “Gənclik” restoranında şam edirdik. Musiqi sifarişi üstündə qonşu masada oturmuş erməni uşaqları ilə mübahisəmiz düşdü. Ermənilərdən biri
- Mən sizin Müslüm Maqomayevinizin... - deyə, səsini qaldırdı. Bizim uşaqlar da dərhal
- Mən sizin Anro Babacanyanınızın... - cavabını verdilər. Adi narazılıq hər iki tərəfin valideyinləri də işə qarışdıqdan sonra milis şöbəsində yekunlaşdı...
Müslümə söyüş söyülməsinə görə institutdan qovulmaq, hətta cinayət məsuliyyətinə cəlb edilmək təhlükəsi ilə üzləşən, xəsarət alıb baş yaran gəncliyə nə oldu ki, 40-50 ildən sonra Polad kimi, Bülbül kimi korifey sənətkarlarımız söyüldü?...Əcəba, xalqımız milli təəssübkeşlik hissinimi itirib? Əsla! 27 sentyabrda Prezidentin bir çağırışı ilə yumruq kimi birləşib, əsl Vətən müharibəsi aparıb 44 gündə qələbə çalan xalqımız, bir daha böyüklüyünü göstərdi.
Bizim gənclik illərimizə təsadüf edən “Soyuz-Apollon” kosmik gəmiləri birləşəndə fəxrlə deyirdik ki, Amerikada “Apollon”-un, SSRİ-də “Soyuz”-un rəhbəri azərbaycanlıdır. Bəzən özümüz inanmasaq da, yeri gəldi-gəlmədi deyirdik, xalqımızın böyüklüyünü təbliğ edirdik.
Tarix üçün qısa zaman kəsiyində nə baş verib ki, adi sözlərimiz, cüzi səhvlərimiz böyüdülərək nifrət dolu yazılarla geniş müzakirə mövzusuna çevrilir?Bunun səbəbini araşdırdım və... tapdım.
Mən yazılarımın birində demişdim ki, tarixi şəxsiyyətlərimizin xatirəsi bizim üçün dövlət atributları qədər əziz olmalı və qorunmalıdır.
Günümüzdə yanında oturmuş korrupsionerlərə, qeyri-qanuni üsullarla milyonlar yığan məmurlara bir kəlmə söz deyə bilməyən bəzi səlahiyyət sahibləri və alim adı daşıyanlar, 100 il, 500 il, 1000 il əvvəl yaşamış siyasi xadimlərimizin, şairlərimizin, elm adamlarımızın “qabırğasına döşəyir”, kölgəsinə güllə atırlar.Bu yaxınlarada 100 illik yubileyi qeyd olunan XX və XXI əsrin ən böyük alimlərindən birini (Lütfüzadə) hansısa məmur
“fındıqbaş kişi” adlandırırsa, mandat sahibi və partiya həmsədri olan bir başqası
“Hitlerə minnətdar olmalıyıq ki, Məmməd Əmin Rəsulzadəyə qulaq asmadı, yoxsa indi burada ermənilər yaşayardı” deyirsə (Son 75 ildə Hitlerə minnətdarlıq edən yeganə adam kimi Ginnessin rekordlar kitabına düşə bilər.), bütün dünya xalqları mərkəzləşmiş dövlət quran siyasi xadimləri ilə fəxr etdiyi halda (Rusiyada I Pyotr, Almaniyada dəmir Bismark, Fransada XIV Lüdovik və. s.), başqa mandat sahibi və partiya sədri
Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət quran, K.Marksın təbirincə desək, 14 ildə 14 ölkə fəth edib, əsl fateh olduğunu sübut edən, orta əsrlərin İskəndəri adlandırılan, türk dilini dövlət dili elan edən, şair kimi adı Nəsimi, Füzuli kimi korifeylərlə bir çəkilən (Yeganə hökmdardır ki, həm də poeziyada yüksək zirvələr fəth etmişdir) şanımız, şöhrətimiz olan Şah İsmayılı bugünkü bəlalarımızın baisi hesab edirsə, 50 milyonluq azərbaycanlıların fəxri olub, milli oyanışımızda həmişə istinadımız olan
Babəki düşmən tərəfin qərəzli yazısına əsaslanaraq əxlaqsızlıqda, arvadları ümumiləşdirməkdə təqsirləndirirsə, bir başqa mandat sahibi kənar yerdə yaşayan soydaşlarımıza “otxod” deyirsə,
Nadir şah, N.Nərimanov, M.Bağırov və S.Vurğun haqqında yerindən qalxan əsassız ittihamlar irəli sürürsə və bu hərəkətlər cəzasız qalırsa,
Polad Bülbüloğlunun haqqında deyilənlərə nə üçün təəccüblənirsiniz!?Bir xalqı pisləmək üçün, onun tarixi şəxsiyyətlərini ləkələmək ən yaxşı üsuldur. Hərdən adama elə gəlir ki, sanki bu adamların hamısının ən birinci, ən ümdə, müqəddəs vəzifələri hökuməti, məddahlıq səviyyəsinə qədər tərifləmək və əvəzində az qala bütün problemlərdə xalqı günahlandırmaq, hətta aşağılamaqdır. Ona görə də sosial şəbəkələrdə nifrət dolu yazılar çoxluq təşkil edir, insanlar sanki heyif çıxırlar (Baxsın özündən böyük, öz qoçu qardaşına M.Ə. Sabir).
P.S. Hörmətli Aqil müəllim!Yazıda ermənilərin özlərini söymədiklərini iddia edirsiniz. Bir hadisəni yadınıza salmaq istəyirəm. Milli qəhrəmanımız Əlif Hacıyevin komendant olduğu Xocalı aeroportunun rəisi erməni qadın idi. Bu qadın vəzifəsini vicdanla yerinə yetirir, milliyətindən asılı olmayaraq, hamıdan qaydalara əməl etməsini tələb edir, “saqqallıları” aeroportun ərazisinə buraxmırdı. Bir gecə ermənilər həmin qadının evinə tank vuran qumbara ataraq, iki azyaşlı uşağı və əri ilə birlikdə öldürdülər, evini də yandırdılar...
Tarix: 12-02-2021, 15:42