Azərbaycanda iri ranqlı məmurların bizneslə məşğul olması artıq uzun illərdir ki, adi hal alıb. Ölkə daxilində və xaricdə şirkətləri olan məmurlar, necə deyərlər, qaz vurub, qazan doldururlar. Odur ki, mütəmadi olaraq, mətbuatda, sosial şəbəkələrdə bu və ya digər məmurun biznesləri barədə məlumatlara rast gəlinir.“AzPolitika.info” xəbər verir ki,
araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün “Feysbuk” səhifəsində
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayevin xaricdəki biznesi barədə maraqlı məlumat paylaşıb. Jurnalistin yazdığına və təqdim etdiyi sənədlərə görə, nazir müavininin Çexiyada şirkəti var və bu şirkətdəki şəriki 2001-2011-ci illərdə
İqtisadi İnkişaf Nazirliyinin şöbə rəisi olmuş Həcər Cəfərovadır. Həmin paylaşımı təqdim edirik: “Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini Abdullayev Əli İzzət oğlu Çexiya paytaxtında, Růžová 947/8 ünvanında hüquqi qeydiyyatda olan AIM BOHEMİA S.R.O şirkətinin həmtəsisçisidir.
Şirkət 2008-ci ilin iyun ayında Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçib, fəaliyyət sahəsinə mülk və digər daşınmaz əmlak növlərinin kirayəsi daxildir.Əli Abdullayev şirkəti təsis etdiyi illərdə Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib. Əvvəllər İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində (sonradan Dövlət Əmlak Komitəsi) hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, sonradan Auksion Mərkəzinə rəhbər təyin olunub.
Əli Abdullayevin şəriki Həcər Cəfərova Vaqif qızı da 2001-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində ümumi işlər və kadr məsələləri üzrə şöbənin rəisi olub. Çexiyadakı şirkətdə ortaqların hər biri 50 faiz paya malikdir.Hazırda Medilayn Estetik Mərkəzinə rəhbərlik edən Həcər Cəfərova 2006-cı ildə təsis edilmiş "MEDEKSPRESS", 2007-ci ildə qeydiyyatdan keçmiş "MEDİLAYN", eləcə də ötən il qeydiyyata alınmış "BEAUTYLAB" və "BİOSCİENCE MEDİCİNE" məhdud məsuliyyətli cəmiyyətlərinin də təsisçisidir.”
Tarix: 12-02-2021, 15:40