Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində torpaq mübahisəsi yeni faktları üzə çıxarıb. Məsələnin mahiyyəti budur ki, "Elçin” firmasının rəhbəri İbad Əliyev Mirzəağa Əliyev küçəsi 43 və 45 ünvanlarında çoxmərtəbəli bina inşası edib.
Tikinti sahəsinin altına düşən torpaqlarda vətəndaşların evləri və digər təyinatlı əmlakları olub. Tikinti aparılan dövrdə vətəndaşlara əmlaklarına görə kompensasiya ödəniləcəyi vəd olunub. Lakin illər ötüb, vətəndaşlar kompensasiyanı ala bilməyblər. İbad Əliyev kompensasiya əvəzinə vətəndaşlara vəd verib.
İllərlə uzanan süründürməçilikdən bezən vətəndaşlar Yasamal rayon icra hakimiyyəti başçısı Elşad Həsənova müraciət ediblər. Onlara qarşı baş verən dələduzluğa son qoyulmasını və kompensasiya ödənilməsini istəyiblər. Bundan sonra İbad Əliyev Yasamal İcra Hakimiyyətinə dəvət olunub və vətəndaşlaırn tələbləri diqqətinə çatdırılaraq təmin edilməsi şərti qarşısına qoyulub.
Məsələnin həll ediləcəyini bildirən İbad Əliyev sonradan icra başçısına məktub yazıb və şirkətinin podratçı olduğunu qeyd edib.
Məktuba əlavə edilən əlyazmalarında tikinti ilə bağlı verdiyi rüşvətlərin siyahısı əks olunub.
İbad Əliyevin icra başçısına yazdığı məktubu ixtisarla təqdim edirik: "Yazıb sizə bildiririk ki, "Memar-2” MTK ilə "Elçin” firması ilə arasında bağlanmış 2 may 2002-ci il tarixli kooperativ yaşayış binasının tikilməsi barədə podrat müqaviləsinə əsasən kooperativə ayrılmış sahədə sakinlərin köçürülməsi, ərazidə avtodayanacaqların tikilməsi, ümumi təyinatlı sahənin tamamlanması, hətta mənzillərin və qeyri-yaşayış sahələrinin satışı podratçıya həvalə edilməklə tərəfimizdən həyata keçirilib.
"Elçin” firmasının təsisçi və direktoru olmağıma baxmayaraq, sözügedən ünvanda binanın tikintisinə, sakinlərin köçürülməsi, satışdan əldə edilən gəlir mənə məxsus olmayıb. Faktiki tikintinin sahibi və gəlir əldə edəni Azadxan Allahqulu oğlu Xanməmmədov olmuşdur.
Azadxan Xanməmmədova dəfələrlə etmiş olduğum müraciətlər nəticəsiz qalıb. Nəticədə şikayətçilər ilə aramızda narazılıq yaranmışdır.
Həmçinin bildiririk ki, Azadxan Xanmammədov binanın qeyri-yaşayış sahəsini və həmin binada mənzili adına rəsmiləşdirdikdən binanın tamamlamamış, sakinlərin haqlı narazılıqllarına son qoyulması məqsədi ilə özüm məcburiyyət qarşısında qalıb borca girib 66 min 212 manat vəsait xərcləmişəm.
Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında aparılan danışıqlar zamanı da müəyyən edilib ki, şikayətçilərin kompensasiyalarının ödənilməsi faktiki sahib və binanın tikintisi nəticəsində gəlir əldə elmiş olan Azadxan Xanməmmədov olub.
Göstərilənlərə əsasən, sizdən xahiş edirik ki, yaranmış mübahisəyə son qoyulması məqsədi ilə Bakı şəhəri, M.A.Əliyev küçəsi 45 saylı ünvanda inşa edilmiş yaşayış binasının tikintisinin faktiki rəhbəri Azadxan Xanməmmədovun mənə və şikayətçiyə vurduğu ziyanın dəqiqləşdirilməsi, bizlərin hüquqlarının bərpa edilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət edəsiniz”.
İbad Əliyevin başçıya göndərdiyi əlyazmalarda binanın tikintisi zamanı ödəmələrlə bağlı qeydlər əksini tapır. Həmin qeydlərlə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması zərurəti ortadadır.
Musavat.com
Tarix: 11-02-2021, 08:41